“Qəbələ”nin kapitanı atmaq istədikləri addımdan danışdı

13 May 2022 17:20 Qəbələ 473
“Qəbələ”nin kapitanı atmaq istədikləri addımdan danışdı

Premyer Liqanın finişi ərəfəsində gərginlik pis həddə çatıb.

Qış fasiləsindən sonra uğursuz təsir bağışlayan “Qəbələ” son 2 oyunda qələbə qazanmaqla turnir cədvəlindəki vəziyyətini xeyli yaxşılaşdırdı.

Bölgə təmsilçisini qarşıda 2 vacib matç gözləyir. Bu həftəsonu Şamaxıda eyniadlı komandanın qonağı olacaq “qırmızı-qaralar” 28-ci turda “Sabah”ı qonaq edəcək.

Hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan “Qəbələ” “Şamaxı” ilə görüşdən qələbə ilə ayrılmalıdır ki, 5-ci sıradakı “Sabah”la azı 2 xallıq fərqi qorusun və bu rəqiblə sonuncu turdakı matçdakı mümkün heç-heçə Elmar Baxşıyevin yetirmələrini avrokuboklara daşısın.

Komandanın kapitanı Asif Məmmədov Sportinfo.az-a açıqlamasında “Şamaxı” – “Qəbələ” görüşü haqda danışıb:

“Qarşıda bizi “Şamaxı” ilə çətin səfər qarşılaşması gözləyir. Rəqib neçə oyundur qələbə qazana bilmir.

Üstəlik, öyrəşmədiyimiz süni örtükdə oynayacağıq. Oyun hədsiz maraqlı və gərgin keçəcək. Məqsədimiz qələbə qazanıb, irəliyə doğru addım atmaqdır”.

Mayın 15-də baş tutacaq “Şamaxı” – “Qəbələ” qarşılaşmasının start fiti saat 17:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti