“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov məşqçilik karyerasının ən ağır günlərini yaşayır.
Buna adım kimi əminəm.
Çempionat başa çatanda nə planları var idi, Allah bilir.
Düşünürdü ki, komandanın yarısını dəyşsin. 10 nəfərə yaxın futbolçunu göndərib, yerinə yeniləri cəlb etsin, 6-7 həftəlik təlim-məşq proqramı ilə növbəti mövsümə istədiyi kimi hazırlaşsın.
Özünə, köməkçilərinə və futbolçulara istirahət etmək olduqca vacib idi. Ağır və stresli mövsümdən sonra dincəlmək yerinə düşərdi. Çünki son illərin yayında hamı ailəsi ilə istirahət edəndə, onların lazımınca vaxtı olmamışdı.
Planları darmadağın oldu, arzusu ürəyində qaldı. UEFA-nın qərarı ilə hər şey məhv olub getdi.
“Turan Tovuz”la bağlı çıxarılan sanksiyanın İdman Arbitraj Məhkəməsi tərəfindən ləğv olunacağı möcüzə olardı. Necə deyərlər, möcüzə baş vermədi.
Avrokuboklara “Turan Tovuz” yox, “Zirə” gedəcək. Artıq 10 günə yaxındır belə olacağını əksəriyyət kimi, “Zirə”dəkilər də hiss edirdi.
İndi Rəşad Sadıqov iki telefonun birini əlində tutub, o birini də qulağına qoyub, oturub bilgisayarın qabağında.
Təklif olunan futbolçuları bir-bir gözdən keçirir. Biri xoşuna gəlmir, keçir o birinə. Xoşuna gələn də qiymət “oxuyur”, ya da deyir, arvadım Azərbaycana getmək istəmir.
Dünənə kimi gün ərzində 6-7 saatlıq yuxu norması var idisə, indi həmin vaxt 2-3 saata qədər azalıb. Yatmaq üçün yuxu lazımdır, o da onda yoxdur. Gözləri bağlananda da ya maşında, ya da kresloda mürgüləyir.
Gözləri şişib nə boyda olub. Özünə güzgüdə baxmağa cəsarət tapmır.
Komandası avrokuboklarda azı bir mərhələ adlamalıdır. Başlanğıcda uduzub üstümüzə qayıtsa, camaat bilirsiz nə deyəcək?
“Turan Tovuz”un yerinə gedəndə bilmirdiz belə olacaq?
İndi gə,l bu suala cavab ver də.
HƏBİB / SPORTİNFO.AZ

