Qolları sıralayan hücumçu: "Neftçi" bir az çətin komandadır"

19:00 Müsahibə 150
Qolları sıralayan hücumçu: "Neftçi" bir az çətin komandadır"

"Araz-Naxçıvan"ın hücumçusu Ağadadaş Salyanski Premyer Liqanın 6-cı turunda "Şamaxı"ya məğlubiyyətdən sonra (1:2) Sportinfo.az-a müsahibə verib.

"Neftçi"yə məxsus forvard ilk olaraq oyun haqqında fikirlərini səsləndirib.

– Əslində istəyirdik qalib gələk. Bu mövsüm hələ qalib gəlməmişik. Bundan əvvəl də müsahibə vermişdim və orada qeyd etmişdim ki, bu mövsüm qələbəmiz yoxdur. İstəyirdik ki, bu dəfə qalibiyyət qazanaq, milli fasiləsinə ən azı yaxşı əhval-ruhiyyə ilə yollanaq, sonra da digər komandalara qarşı hazırlığımızı davam etdirək. Təəssüf ki, ani diqqətsizlikdən, öz əlimizdə olan oyunda penaltilərlə üzləşdik. İlk qoldan əvvəl qapımıza penalti təyin olundu. Sonra ikinci penalti də oldu. Belə demək olar ki, səhvlərimizdən rəqib yararlandı. Bu gün baş verənlərdə də gördünüz ki, biz rəqibdən daha çox epizod yaratdıq. Sadəcə, hardasa bəxtimiz gətirmədi və qələbə qazanmağımıza nəsə mane oldu. Düşünürəm ki, yenə də bu oyundan nəticə çıxaracağıq. Ümumiyyətlə, fasilədə oturub komanda ilə yaxşı söhbət edəcəyik.

– Bu dönəmdə milli fasiləsinin yerinə düşdüyünü demək olarmı?

– Əslində, mən qeyd edərdim ki, normalda belə bir fasilə həmişə yerinə düşür. Komanda bütün oyunlarını qalibiyyətlə başa vurursa, əhval-ruhiyyəsi yüksək səviyyədə milli komandaya yollanır. Amma komanda bir az çətin period yaşayırsa, belə bir fasilə də lazımdır ki, kollektiv bir qədər özünə gəlsin, toparlansın.

– Son anda “Neftçi”dən “Araz-Naxçıvan”a gəlməyində əsas rol nə oynadı?

– “Neftçi” bir az rəqabət baxımından çətin komandadır. Təbii ki, mən rəqabətdən qorxan futbolçu deyiləm. Sadəcə, orada kifayət qədər şans qazana bilmirdim. Düşündük ki, icarə əsasında “Araz-Naxçıvan”a gəlib burada daim oynamaq üçün yaxşı variant ola bilər. Cavid müəllim özü də mənimlə danışdı, zəng etmişdi, söhbət etdik. Komandasında məni görmək istədiyini bildirdi, mən də razılaşdım. İndi şükürlər olsun ki, buradayam. Dediyim kimi, üç qol vurmuşam. Amma bundan əvvəl də demişəm, yenə də deyəcəyəm: həmin qollar qələbə qazandığımız zaman daha dəyərli olur.

– Qollar vurmağın sanki burada istədiyin rahat mühiti və oynamaq üçün uyğun kollektivi tapa bildiyini göstərir...

– Düşünürəm ki, komandamız çox yaxşıdır. Kollektiv olaraq da çox yaxşıyıq. Futbolumuz da pis deyil, özünüz də bunu görürsünüz. Yaxşı mübarizə aparırıq, epizodlara da giririk. Bu gün də iki-üç yaxşı epizodumuz oldu, hətta yüz faizlik vəziyyətlərimiz vardı. Düşünürəm ki, hər şey qaydasındadır. Sadəcə, bizə bir qələbə çatmır. İnşallah, dediyim kimi, fasilədə yaxşı hazırlaşarıq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti