“Belə oyunlarda nəticə önəm daşımır. Ancaq yenə də qələbə qazanmaq istəyirdik”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında Tacikistan millisinin üzvü Parvizcon Umarbayev deyib.
Sentyabrın 23-də 8-ci km stadionunda Azərbaycanla Tacikistan arasında keçirilən yoxlama matçı təmsilçimizin 1:0 hesablı qələbəsi ilə başa çatdı.
İkinci hissədə Toral Bayramovun cərimə zərbəsindən vurduğu top “Turan Tovuz”un qapısını qoruyan Oleq Baklova dəyəndən sonra tora qovuşdu və yekun nəticə müəyyənləşdi.
Bolqarıstan “Lokomotiv Plovdiv”ində legioner həyatı yaşayan 31 yaşlı yarımmüdafiəçi Azərbaycanın millisinin qələbəsini şansa bağlayıb:
“Məğlubiyyətə layiq olmadığımızı düşünürəm. Bu gün istəkli, sürətli və ağıllı oynadıq. Rəqibdən geri qaldığımızı deməzdim. Qapımızaq bir qol vuruldu, o da cərimə zərbəsindən.
Bu cür qollarda bəxt də rol oynayır. Əlimizə düşən real qol şanslarını dəyərləndirsəydik, nəticə fərqli ola bilərdi. Birlikdə olmaq və xətlərarası əlaqənin yaxşılaşması baxımından bu matçdan fayda görəcəyimizi düşünürəm.
Qarşıda bizi Çin və Hindistan kimi rəqiblərlə rəsmi oyunlar gözləyir. Həmin görüşlərə qədər hazır olmalıyıq. Qonaqpərvərliyə və xoş münasibətə görə təşkilatçılara və sizə təşəkkür edirəm”.
Maraq üçün bildirək ki, yığmamız Millətlər Liqası çərçivəsində ilk oyununu sentyabrın 27-də səfərdə Litva seçməsinə qarşı keçirəcək.
HƏBİB
