“Qəbələ”nin yeni baş məşqçisi Jeton Bekiri bura tək gəlməyib.
Şimali makedoniyalı çalışdırıcı bura özü ilə iki köməkçi gətirib.
44 yaşlı mütəxəssisin əsas yardımçısı onunla “Şkendiya”da da birlikdə çalışmış Burhan Emrulaidir. Arvid Breqassi isə video-analitik funksiyasını yerinə yetirəcək.
Korpusda yer alan digər şəxslər əvvəldən də komandada çalışan Manaf Kələntərli, qapıçı məşqçisi Amil Ağacanov və fiziki hazırlıq üzrə məşqçi Miloş Yevtiç olacaq.
Siyahıda adını qeyd etdiyimiz Yevtiç klub rəhbərliyi ilə şərt kəsib.
Serbiyalı bildirib ki, əgər Kaxaber Sxadadze bundan sonra iş taparsa, onun yanına yollanacaq. Balkanlı xatırladıb ki, həmişə belə edib - gürcüstanlı baş məşqçi harada, o da orada.
Bu ənənəni pozmaq istəmədiyini söyləyən Yevtiç Sxadadze ilə illər əvvəl “əhd“ bağladığını deyib.
Bekiri 2024/2025 mövsümündə “Şkendiya” ilə Şimali Makedoniya çempionu olub.
2025/2026 mövsümündə Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”a 0:1 və 1:5 hesabları ilə uduzan Tetovo təmsilçisi avrokuboklarda da uğurlu çıxış edərək, Konfrans Liqasının pley-off mərhələsinədək irəliləyib.
“Qəbələ” isə Azərbaycan Premyer Liqasının ilk 5 turunda 4 xal toplayıb.
Odur ki, Kaxaber Sxadadzenin fəaliyyətinə son verilib. 2024-cü ilin fevralından bəri burada işləmiş msütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
SPORTİNFO.AZ
