Bakıdan “Bursaspor“a mesaj ötürdü - Məni hesabdan silməyə tələsməyin!

15:00 Milli komanda 126
Bakıdan “Bursaspor“a mesaj ötürdü - Məni hesabdan silməyə tələsməyin!

Uzun fasilədən sonra millinin ilk oyununu izlədik.

Tacikləri Bakıda qəbul etdik və minimalhesablı qələbə qazandıq.

Fasiləyədək qarışıq hislər yaratdı bu oyun bizdə. Heç nədən zövq ala bilmədik.

İkinci hissədə edilən dəyişiklər ritmi artırdı.

Mahir Emreli, Emil Səfərov və Murad Xaçayev fasilədən sonra meydana daxil oldu. Daha sonra Ayxan Hüseynov, Edqar Adilxanov, Rənat Dadaşov, Fərid Yusifli və Rüfət Abbasov da oyuna qoşuldu.

Millimiz bu əvəzləmələrlə daha sürətli və daha şaquli futbol nümayiş etdirməyə başladı. Hücumların hazırlanması sürətləndi, ön xəttdə hərəkətlilik artdı və Tacikistan müdafiəsi üzərində təzyiq gücləndi.

Məhz bu mərhələdə hesabı açdıq. 58-ci dəqiqədə Toral Bayramovun zərbəsindən sonra tacikistanlı qapıçı Oleq Baklov səhvə yol verdi və top qapıdan keçdi.

Qol rəsmi olaraq avtoqol kimi qeydə alındı.

Qələbə qolunda Toral Bayramovun payı xüsusi qeyd olunmalıdır. Bu, ondan ötrü xüsusilə vacib idi.

Çünki 2026-cı ilin yayında “Qarabağ”dan “Bursaspor”a keçən Bayramov Türkiyədə hələ gözlənilən sabitliyi nümayiş etdirə bilmir.

Mövsümün ilk həftələrindən üzü bəri onun çıxışı yerli media və azarkeşlər tərəfindən ciddi tənqid olunur. Son olaraq “Batman Petrolspor”la qarşılaşmada 36-cı dəqiqədə əvəzlənməsi də bu müzakirələri daha da artırıb.

Bu baxımdan millidəki qol Toral Bayramov üçün yaxşı emosional yüksəliş və özünəinam baxımından mühüm məqam sayıla bilər.

Daha önəmlisi isə odur ki, bu epizod Türkiyədəki yeni klubuna müəyyən mənada mesaj xarakteri daşıyır: “Məni hesabdan silməyə tələsməyin!“.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti