U-21 millisi 12 gün ərzində 4 oyun keçirəcək.
Bu, yığma komandanın 33 illik tarixində ilk belə haldır. Təxminən iki həftə ərzində bu sayda matç heç vaxt olmamışdı.
Sentyabrın 23-də Tacikistanda yoxlama görüşündə üz-üzə gələn Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv 4 gün sonra Millətlər Liqasının ilk oyunu çərçivəsində Kaunasda Litvanın qonağı olacaq.
Oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteyni, oktyabrın 4-də 8-ci km stadionunda Litvanı qəbul edəcək.
İndiyə qədər qısa müddətdə iki oyunun öhdəsindən gələ bilməyən, ya da güclə gələn milli futbolçularının bu dəfə hansı əziyyətə qatlaşacaqlarını təsəvvür etmək çətin deyil. Ard-arda ağır və məsuliyyətli qarşılaşmaların öhdəsindən gəlmək üçün ilk növbədə fiziki hazırlıq ciddi önəm daşıyır. Bu mənada bizimkilərin hazırlıq durumunu görmək maraq doğurur.
Tacikistanla dueldə nəticənin önəm daşımadığı gün kimi aydın idi. Futbolçuların son durumunu görmək, xətlərarası əlaqəni yaxşılaşdırmaq baxımından baş məşqçinin işinə yarayırdı.
Ancaq söhbət Millətlər Liqassındakı 3 vacib oyundan gedirsə, burada büdrəmək şansları yoxdur.
Hazırda FİFA-nın reytinq sıralamasında 126-cı pillədə qərarlaşan Azərbaycan seçməsi hər iki rəqibini geridə qoyur. Litva 149-cu, Lixtenşteyn 206-cıdır.
Yerli çempionatların səviyyəsinə görə də adları çəkilən ölkələri qabaqlayırıq.
Futbolçu keyfiyyəti, oynadıqları klublar, beynəlxalq oyun təcrübəsi baxımından da Azərbaycan Litva və Lixtenşteyndən öndədir.
Üstəlik, milli 3 oyundan 2-sini Bakıda – doğma meydanda, doğma azarkeşlərin gözləri qarşısında keçirəcək.
Yəni bizimkilərin məğlub olması, hətta xal itirməsi üçün belə, hansısa tutarlı əsas yoxdur. 3 oyunda 9 xal qazanmaq millidə top dalınca qaçanların borcudur. Başqa yol yoxdur!
Özünə futbolçu deyən kəs Lixtenşteynə yenilgini, Litva ilə matçlarda xal itkisini qəbul edə bilməz. Təbii ki, söhbət xarakteri olan, peşəkarlığın nə olduğu bilən, uduzmamağı qarşısına məqsəd qoyan futbolçulardan gedir.
Onsuz da D Liqasından o tərəfi yoxdur. Yığma komanda bura qədər yuvarlanıb. İndi isə quyudan çıxmaq zamanı, “Qarabağ”la “Sabah”ın Çempionlar Liqasındakı uğuru fonunda millinin də uğur qazanmasının vaxtıdır. Əslində, buna uğur demək də olmur.
Azərbaycanlı futbolçular klub futbolundakı uğurun təkcə legionerlərdən asılı olmadığını, özlərinin də futbol oynamağı bacardığını isbat etmək istəyirsə, 3 matçdan 9 xalla ayrılmağa borcludur.
İsveçi darmadağın edən, Ukrayna ilə bərabərə qalan, dünya çempionu Fransadan 45 dəqiqə top buraxmayan komandanın bunu bacaracağına inanmaq istəyirik.
HƏBİB / SPORTİNFO.AZ
