Xeyri yoxdur, kimə deyirsən?

22:05 Köşə 270
Xeyri yoxdur, kimə deyirsən?

Adətimdir, hər il püşkatmadan sonra avrokuboklardakı rəqiblərimizin sosial şəbəkə hesablarına göz gəzdirirəm.

Özümə də maraqlı gəlir ki, görəsən, avropalı rəqib azarkeşlər komandalarımız haqda nə düşünür, püşkü necə dəyərləndirir, bizimkilərdən ehtiyatlanırlar, nəyə ümid edirlər və sair.

Və hər il gördüyüm mənzərə eynidir. Azərbaycanlı sosial şəbəkə izləyiciləri rəqib klubların səhifələrinə hücum edib tərbiyəsizliyin bütün mümkün növlərini göstərirlər.

Öz aləmlərində bunu rəqiblərin canına qorxu salmaq üçün edirlər. Sanki bu cür davranmaqla, yəni söyüş, təhdid və təhqir dolu ifadələr yazmaqla rəqiblər klublarımızdan çəkinəcək.

“... var, Azərbaycana gəlin. Sizi...”.

“Sizi həm Bakıda, həm də səfərdə...”.

“Masazırda 2 sot torpaq satılır”.

Qeyd etdiklərim iyrənc rəylərin arasında ən yaxşılarıdır. Elə şərhlər var ki, adam özünü onlarla eyni vətəndaşlığı daşıdığını düşünərək azərbaycanlı deməyə utanır.

Vay o günə ki, hansısa xarici qarşılıq olaraq “söyüş söyməyin”, “bizi təhqir etməyin” yaza. Ya da öz komandalarının mərhələ adlayacağını iddia edə.

Vəssalam. Küllü-külafət tökülüşəcəklər üstünə. Ağıllarına və ağızlarına gələni yazıb əsl üzlərini göstərəcəklər.

Ailə tərbiyəsindən uzaq, valideyndən çox “tik-tok” üzü görən bu adamlar hansı ölkəni təmsil etdiklərinin fərqində deyil. Anlamırlar ki, barbarlıq etməklə heç kim onlara təşəkkür etməyəcək.

Əkcinə, günü-gündən gözəlləşən, müasirləşən, işıq saçan Azərbaycanın adını bütün gücləri ilə ayaqlar altına atırlar.

Bəzən rəqib komandaların azarkeşləri belə, dilə gəlib bunlara ağır verir, yol göstərir. Xeyri yoxdur. Kimə deyirsən?

Məlumdur, belələri özlərinə və yaxınlarına hörmət qoymayan, əksəriyyəti yeniyetmə və gənc nəslin nümayəndələridir. Sosial şəbəkələrdə tərbiyəsizliyin hər cür üzünü göstərməklə həm də öz sifətlərini ortaya qoyurlar.

Yazını özləri oxumasa da, ataları, əmiləri, böyükləri mütləq oxuyur. Çalışın, övladlarınıza adam olmağı öyrədin. Sosial şəbəkələrdə etdiklərini mütləq ki, sizin gözlərinizin qarşısında da edirlər. Sadəcə, bir az başqa formada.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Xəbər Lenti