Arxadan atılan daş çox vaxt topuğa dəyir.
Nədənsə «Qəbələ» rəhbərliyi həmişə gec qalır.
Vaxtında qərar verə bilmək kimi bir ciddi problemləri var.
Kaxaber Sxadadzeni ötən mövsümün gedişində qovmalı idilər, saxladılar. Yayda yolları ayırmaq olardı, yenə etmədilər.
Qanqallıqda qızılgülün bitəcəyinə inanırmış kimi apardılar özlərini.
Gərək Fariz Nəcəfov paltardəyişmə otağına daxil olub, gözünə dəyən hər şeyi vurub sındıraydı?
Dişinin dibindən çıxanı deyərdi, ondan sonra bu addım atılaydı?
Vəziyyəti bu həddə çatırmadan, sakit şəkildə məlum qərarı vermək olmazdı ki?
«Qəbələ»nin başbilənləri yumruğu bir yerə vurmur. Çünki hərə arabanı bir tərəfə çəkir. Bəzən burada şəxsi maraqlar ön plana çıxır.
Maşallah, «Qəbələ»də qazanc yerləri həmişə çox olub, indi də belədir. Ona görə də Fariz Nəcəfov bilmir kimə qulaq assın, kimi dinləsin, hansı tərəfə inanıb hərəkət eləsin.
İllərdir davam edən bu vəziyyət dəyişməyənə qədər «Qəbələ»yə çempionatda «pəpə» yoxdur. Bir Kaxa dünən getdi, sabah bir qeyri Kaxa gələcək.
O da birigün ayrılacaq, tamam fərqli bir Kaxa dəvət olunacaq. Baş məşqçiləri dəyişə-dəyişə getmək də bir şey deyil və seçimi düz etmək də kifayət eləmir.
Doğru seçim işin yarısıdır. İşin tamamlanması isə rəhbərliyin davranışından, yanaşmasından, onun arxasında dayanmasından asılıdır.
ELNUR
