"Bu vəziyyətə düşdüyümüz üçün utanıram"

22:20 Müsahibə 128
"Bu vəziyyətə düşdüyümüz üçün utanıram"

"Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Rövlan Muradov Premyer Liqanın 6-cı turunda "Şamaxı"ya məğlub olduqları (1:2) görüşdən sonra Sportinfo.az-a müsahibə verib.

- Necə oyun keçdi?

- Bərbad

- Vəziyyət kifayət qədər ağırdır. Bu durumla bağlı nə deyə bilərsən?

– Vallah, “üzülürəm” desəm, azdır. Hər şeydən özümüz bu vəziyyətə düşmüşük, özümüz də buradan çıxmalıyıq. Amma həqiqətən, belə deyim, utanıram ki, bu situasiyaya düşmüşük. Düşməməli idik, amma düşmüşük. Qarşıda bizi çox ağır həftələr gözləyir. Buradan maksimum xallar yığıb “Araz-Naxçıvan”ın adını bu yerə, yəni layiq olduğu yerə çıxarmalıyıq. Həm öz adımızı, həm də klubun adını qorumaq istəyirik. Klub rəhbərliyi sağ olsun, hər məşqimizə gəlirlər, bizim üçün hər cür şərait yaradıblar. Bizdən tələb olunan sadəcə meydana çıxıb qələbə qazanmaqdır.

– Məşqçilər də də fərdi səhvlərdən danışdı. Altı turda demək olar ki, hər oyunda bu səhvlərdən qol buraxmısınız...

– Bəli. Altı tur oynamışıq və demək olar ki, altı turun hamısında fərdi səhvlərimizdən qol buraxmışıq. Hansısa oyunda taktiki və ya oyun planında rəqibdən geri qalmamışıq. İstər “Qarabağ” olsun, istər “Sabah”. “Sabah”la da döyüşdük, amma öz səhvlərimizdən qol buraxdıq. Eynilə “Qarabağ”la oyunda da mübarizə apardıq, yenə öz səhvlərimizdən qol buraxdıq. Əsas məsələ odur ki, bu səhvləri etməməliyik. Uşaq səhvlərindən qollar buraxırıq. Bu səviyyədə belə səhvlərə yol vermək olmaz.

– İlk penaltidə hakimin qərarının səhvi olduğunu düşünürsən? Təkrara baxdın?

– Bəli, təkrara baxdım. Açığı, mən orada ciddi bir şey görmədim. Yenə deyirəm, hakimdir, insan da səhv edə bilər. Bu məsələdə başqa söz demək istəmirəm. Amma belə qərarlar da sonda məğlubiyyətə gətirib çıxara bilir.

– Ardıcıl səfərlər yorğunluq və ya psixoloji yük yaradır?

– Yorğunluq deməzdim. Bizim işimiz meydandadır. Fərqi yoxdur harada oynayırıq – Şamaxıda, Bakıda, yaxud başqa yerdə. Süni meydandır, təbii meydandır, fərq etmir. Biz meydana çıxıb istəyimizi, əzmimizi göstərməliyik. Bu loqo üçün vuruşmalıyıq. Amma yenə deyirəm, düşdüyümüz bu situasiyada öz payıma düşən məsuliyyətə görə həqiqətən utanıram. Çünki bütün şərait yaradılıb. Klub rəhbərliyi hər cür şərait yaradır. Bir gün əvvəl gəlirik, komandaya yemək, istirahət – hər şey yüksək səviyyədə təşkil olunur. Heç bir məsələdə digər komandaların şəraitindən geri qalmırıq. Sadəcə olaraq bilmirəm, meydanda niyə belə səhvlər edib qollar buraxırıq, niyə məğlub oluruq. Həqiqətən, buna yol vermək olmaz. Bu situasiyadan mütləq çıxmalıyıq. Komanda olaraq birləşib, birlikdə bu vəziyyətdən çıxmalıyıq. İnanıram və düşünürəm ki, bu situasiyadan çıxacağıq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti