Yaxşı yerli futbolçu qıtlığı yaşayırıq. Demək olar ki, barmaqla sayılacaq qədər milli səviyyədə futbolçumuz var. Problemlər çoxdur. Qəribəsi odur ki, bütün bu problemlərin içində bir bəxtsizlik də var – yerli futbolçuların yaşadığı bəxtsizlik.
Son illərdə yetişən ən yaxşı yerli futbolçularımızdan biri Bəhram Mustafazadədir. Ötən mövsüm Çempionlar Liqasında əla mövsüm keçirdi, çox uğurlu oyunları ilə yadda qaldı. Böyük ümidlərlə komandaya transfer olunan Sami Mmaeni belə ehtiyatda saxlamağı bacardı.
Bəhlul üçün uzaq Çindən çox yaxşı təklif də var idi. Orada qazanacağı pul "Qarabağ"da qazandığından dəfələrlə çox olacaqdı. Amma o, "Qarabağ"ın Çempionlar Liqasındakı vacib oyunlarını nəzərə alaraq kluba jest etdi. Çinə getməyi, yaxşı təklifi, böyük pulu yox, məhz sədaqəti seçdi. "Qarabağ"da qaldı.
Amma təəssüf ki, futbolun qara üzü olan zədə ondan da yan keçmədi. Bakıda "Nyukasl"la oyunun ilk hissəsində aldığı ağır zədə Bəhlula baha başa gəldi. Üzərindən yarım ildən artıq vaxt keçməsinə baxmayaraq, müdafiəçi hələ də tam özünə gələ bilmir.
"Şamaxı" ilə oyunda bir neçə dəqiqə meydanda oldu. Ümid etdik, sevindik ki, nəhayət, problem bitib. Çünki bu müdafiəçi təkcə "Qarabağ" üçün deyil, milli komandamız üçün də vacib simalardan biridir.
Təəssüf ki, sonrakı günlərdə xoş olmayan xəbər aldıq. Zədəsinin tam bərpa olunmadığı məlum oldu. İndi isə bəlli olur ki, müdafiəçi ən azı qarşıdakı altı həftəni də yaşıl meydanlardan kənarda qalacaq.
Yaxşı yerli oyunçumuz azdı, olanların da aqibəti belə.
XANOĞLAN/ SPORTİNFO.AZ
