Bu oyunla çətin...

23:00 Milli komanda 151
Bu oyunla çətin...

Azərbaycan millisini qarşıdakı Millətlər Liqasında vacib oyunlar gözləyir.

Litva və Lixtenşteynlə baş tutacaq dörd oyun yığmanın hazırkı durumuna aydınlıq gətirməklə yanaşı, əmsalı yaxşılaşdırmaq və C qrupuna yüksəlmək baxımından ciddi önəm daşıyır.

Buna qədər isə ölkənin bir nömrəli futbol komandasını Bakıda Tacikistan seçməsi ilə yoxlama matçında görmək imkanı qazandıq.

Toral Bayramovun cərimə zərbəsindən vurduğu, qapıçı Oleq Baklova dəyib qapıdan keçən top yekun nəticəni xeyrimizə müəyyənləşdirsə də, 90 dəqiqənin mənzərəsi gələcək adına ümid vermədi. Daha doğrusu, əvvəlki dönəmlərdən fərqli heç nə görmədik.

Düzdür, baş məşqçi Ayxan Abbasov heyətlə bağlı müəyyən rotasiyalar aparmışdı. Anton Krivotsyukla Mahir Emrelinin əsas heyətdə yer almaması, Rüfət Abbasovun mübarizəyə sonradan qoşulması baş məşqçinin müxtəlif variantları sınaqdan keçirmək istəyi ilə bağlıydı.

“Çərçivə”də Emil Balayevin yer alması bu gün üçün ən optimal seçimdir. Hər nə qədər qeyri-sabit oyunla yadda qalsa da, təcrübəsi və “Neftçi”dəki çıxışı “1 nömrə” olmasını şərtləndirir.

Müdafiənin sağında sözün əsl mənasında çatışmazlıq hiss olunur. “Sabah”ı Çempionlar Liqasının Liqa mərhələsinə daşıyan qolun müəllifi Tüllur Mütəllimov millidə yad adam tasiri bağışlayır. Yersiz top itkiləri, Emin Mahmudovla anlaşmaqda çətinlik çəkməsi, hücumlarda lazımi effekti verə bilməməsi rəqibin cinahdakı əl-qolunu açırdı.

Müdafiənin mərkəzi də etibarlı deyil. Taciklər böyük qüvvə ilə irəli atılanda xaos yaşanır, əlaqə itirdi. Rəqibin hücumlarını mərkəzdən qurması da buna hesablanmışdı.

Yarımmüdafiədə pərakəndəlik, dağınıqlıq var. Emin Mahmudovun hazırkı durumu (bəlkə də yaşını çoxluğu) dirijor rolunu oynamasını əngəlləyir. Topla əvvvəlki tək rahat davranmır, ikili mübarizələri uduzur, hücumları ləngidir. Məsul oyunlar üçün yararlı sayıla bilməz. Rəhim Sadıxov da onun kimi. Yeganə ümid verən Abdulla Xaybullayev oldu ki, o da zədələnib oyunu yarımçıq tərk etdi.

Hücumda Musa Qurbanlının, ardınca Renat Dadaşovun effektsiz görünməsi təkcə fərdi ustalığın aşağı səviyyədə olmasına görə deyil. Yarımmüdafiədən hücuma çıxmaqda çətinlik çəkən millinin hücumda çoxluq təşkil edə bilməməsinə görə ağırlıq hücumçunun üzərinə düşür ki, həm Musa, həm də Renat rəqib müdafiəçilər tərəfindən asanlıqla zərərsizləşdirilirdi.

Ümumi mənzərə ürək açmadı. Xətlərarası anlaşmanın istənilən səviyyədə çatmaması, bununla yanaşı topa sahibolma faizinin aşağı olması gələcək adına bədbin notlar verdi.

Hə, futbolçulardan birinin sözünün digərinin boğazından keçməməsi, hər səhvdən sonra bir-birini günahlandırması, futbol oynamaqdan çox danışmağa üstünlük vermələri Ayxan Abbasovu intizam məsələsinə ciddi önəm verməyə sövq etməlidir.

Litvanın doğma divarlar arasında Tacikistandan daha üstün futbol oynayacağı, xüsusən fiziki komponentdə bizimkiləri üstələyəcəyi inandırıcı görünür. Lixtenşteyn də əvvəlki halda deyil. İndi daha sürətli və ağıllı oyun nümayiş etdirir.

Bu oyunla, bu ab-havayla qrupu ilk pillədə başa vurmaq əsl qəhrəmanlıq sayılacaq.
Bu oyunla çətin…

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti