Rusiyalı şərhçi Aleksandr Şmurnov “Sabah”ın və Qazaxıstan millisinin qapıçısı Stas Pokatilovun Çempionlar Liqasındakı çıxışlarını dəyərləndirib.
Sportinfo.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, Şmurnovun fikrincə, “Sabah”a mümkün olan ən çətin püşk düşüb.
O, Bakı klubunun Çempionlar Liqasındakı iştirakını ilk növbədə Avropanın güclü komandaları ilə qarşılaşmaq və özünü ən yüksək səviyyədə sınamaq imkanı kimi qiymətləndirir.
Tanınmış şərhçi hesab edir ki, “Mançester Yunayted” kimi rəqiblərə qarşı ciddi nəticələr gözləmək real deyil.
Şmurnov əlavə edib ki, “Sabah”ın yerində “Qarabağ” olsaydı, komandanın şanslarını daha yüksək qiymətləndirərdi.
Onun sözlərinə görə, “Sabah” həm heyət baxımından zəifdir, həm də Çempionlar Liqasında təcrübəsi azdır.
– Builki Çempionlar Liqası Stas Pokatilov üçün bir növ özünü göstərmək imkanı ola bilərmi?
– Ola bilər, amma bunun mütləq lazım olduğunu düşünmürəm. Məncə, qazaxıstanlı futbolçular top-kluba qədər yüksələ bilmirlərsə, Qazaxıstan Premyer Liqasında oynamalıdırlar. Məsələn, deyirlər ki, Anarbekovun orta səviyyəli Avropa klubuna keçməməsinə görə məyus oldular. Mən isə hesab edirəm ki, Polşa və ya Yunanıstan çempionatında oynamaq hesabına ciddi inkişaf baş verməyəcək. Qazaxıstan və ya Azərbaycan çempionatı qapıçı üçün normal səviyyədir. Bunlar mübarizənin getdiyi çempionatlardır və burada qapıçının təhlükəli epizodlarda komandanı xilas etmək bacarığı sınaqdan keçirilir. Səviyyəni yalnız daha yüksək, top-klub üçün dəyişmək lazımdır. İstənilən idmançı qarşısına mümkün olan ən yüksək nəticələrə çatmaq məqsədi qoymalıdır.
– Növbəti transferdən əvvəl niyə 100 dəfə düşünmək lazımdır?
– Məsələ sadəcə dolanışıq üçün pul qazanmaqda deyil, ən yaxşıların arasında ən yaxşı olmaqdadır. Hamı Buffon və ya Messi ola bilməz, amma buna can atmaq vacibdir. Təbii ki, bəzən mərhələli inkişaf faydalı olur. Lakin mən Qazaxıstan və Azərbaycan çempionatlarının Serbiya və ya Macarıstan liqalarından zəif olduğunu düşünmürəm. Ona görə də sırf bu ölkələrin çempionatlarına getmək mənasızdır. Amma ciddi səviyyəli bir yarışda iştirak edən istənilən komandaya keçmək olar. Amma Pokatilovun “Sabah”da qazandığından üç dəfə çox maaş alacağı Macarıstan klubundan təklif gəlsə, kim bundan imtina edər? Karyeranı sadəcə transferə görə yox, prinsipial şəkildə dəyişmək lazımdır. Təkcə xarici klubdan təklif almaq futbolçuya marağın olduğunu göstərir, amma bu, kifayət deyil.
– Pokatilov “Hapoel” (ümumi hesab 6:4) və “Mançester Yunayted”lə (0:4) oyunlardakı çıxışına görə tənqid olundu. Son matçlardakı performansını necə qiymətləndirirsiniz?
– O, normal oynadı. “Mançester Yunayted”lə matçdan sonra danışanda Stas nəticədən çox məyus idi. Amma onun və ya başqa bir futbolçunun uğursuz çıxış etdiyini düşünmürəm. İlk hissədə buraxılan qollar? Bağışlayın, həmin epizodlarda qapıçının müdaxilə edib qolun qarşısını alması çox çətin idi. Qapıçıya irad bildirmək yersizdir. “Hapoel”lə görüşlərdə də kifayət qədər qol buraxdılar, amma problem Pokatilovda deyil. “Kayrat”da olduğu kimi, “Sabah”da da məsələ müdafiə xəttindədir.
– Qazaxıstanlı futbolçulara yönələn tənqidlər əsassızdır?
– Qapıçılara qarşı nə irad ola bilər ki? Bəli, bəzi epizodlarda qapıçılar komandalarını xilas edə bilməyiblər. “Mançester Yunayted”lə oyunu misal kimi göstərmək olar. Görünür həmin zonanı bağlamaq mümkün idi. İlk qola baxaq: Dorqunun sol cinahdan irəliləməsi, cinahdan ötürmə və Kunyanın hesabı açması. Bu, əks-hücum deyildi, “Mançester Yunayted” üçün xarakterik olan hücum quruluşu idi. Diqqət yetirsəniz, onlar “Everton”a da eyni qaydada qol vurdular. Belə epizodlarda komandanı qapıçı yox, düzgün müdafiə quruluşu və rəqibin oyununu düzgün oxumaq xilas etməlidir.
