“Real”ın baş məşqçisi Joze Mourinyo milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə zamanı futbolçuların hazırlığı üçün fərdi plan tərtib edib.
Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, “Atletiko”ya qarşı Madrid derbisindəki məğlubiyyətdən (1:2) sonra portuqaliyalı mütəxəssis futbolçulara dörd gün istirahət vermək qərarına gəlib.
Komanda sabah məşqləri bərpa edəcək.
Məşqçilər heyəti hər bir futbolçunun fiziki vəziyyətini nəzərə alaraq fərdi yüklənmə proqramı müəyyənləşdirəcək. Bəzi oyunçular daha çox istirahət edəcək, digərləri isə məşqləri davam etdirəcək.
Ayrı-ayrı futbolçulara mövsümöncəsi hazırlıq zamanı yaranan çatışmazlıqları aradan qaldırmaq imkanı veriləcək.
Mourinyo milli komandaların düşərgəsinə yollanan 15 futbolçunun xidmətindən məhrum olacaq. Bu səbəbdən, baş məşqçi akademiyanın oyunçularını məşqlərə cəlb edəcək.
“Real” La Liqada 7 turdan sonra 15 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Komanda lider “Barselona”dan 6 xal geri qalır.
