“Sabah” klub tarixində ilk dəfə iştirak etdiyi Çempionlar Liqasında pley-off mərhələsinə yüksəlməyi bacardı.
Buna qədər Uels və Finlandiya çempionları TNS-lə (2:0, 2:1) “KuPS”u (1:0, 2:0) mübarizədən kənarlaşdıran “bayquşlar” 3-cü təsnifat mərhələsində “Orhus”u Avropa Liqasına göndərdi – 1:2, 4:0.
Təmsilçimiz Avropanın bir nömrəli klub turnirinin pley-offunda “Hapoel Beer Şeva” ilə münasibətlərinə aydınlıq gətirəcək ki, ilk oyun Macarıstanda, cavab görüşü Bakıda baş tutacaq.
Hansı stadionda?
Bu suala cavab tapmağa çalışanda, Azərbaycan futbolunun acı reallığı üzə çıxır. Çünki hazırda ölkəmizdə UEFA-nın tələblərinə cavab verən 4-cü kateqoriyalı iki arena var – biri Bakı Olimpiya Stadionudur, digəri Tofiq Bəhramov adına Respublika stadionu.
BOS-un durumu hər kəsə məlumdur. Ölkənin bir nömrəli futbol arenasının ot örtüyü bir müddət öncə sökülsə də, hələ də yenisi ilə əvəzlənməyib.
Ümid qalır “Tofiq Bəhramov”a. Odur ki, “Sabah” rəhbərliyinin yeganə ümid yeri buradır. Çünki başqa alternativ yoxdur. Məcburiyyətdən “bayquşlar” “Hapoel”i burada qəbul etməlidir.
Həmin stadion Azərbaycan Gənclər və İdman Nazirliyinin balansında olsa da, “Qarabağ”ın ixtiyarına verilib. İllərdir “Qarabağ” Respublika stadionunun öt örtüyünü saxlayır, xərclərini qarşılayır, yerli və beynəlxalq matçlarını burada keçirir.
Deyək ki, “Qarabağ” Kiyev “Dinamo”sunu Bakıda sərfəli hesabla məğlub edib Konfrans Liqasının pley-off mərhələsinə yüksəldi. Xəyal edək ki, pley-offda “Tvente” – “Dunayska Streda” cütünün qalibini də mübarizədən kənarlaşdırıb əsas mərhələyə vəsiqə qazandı.
Hə, əsl “konsert” onda başlayacaq. Onsuz da ideal vəziyyətdə olmayan qazon yüklənəcək, meydanın xərclərini qarşılayan “Qarabağ”ın narazılığı baş qaldıracaq, uzun sözün qısası, Respublika stadionu “istirahət etmədən” hər həftə avrokubok oyunlarını qəbul edəcək.
Qazonun yüklənməyə nə dərəcədə tab gətirəcəyini, matçlar zamanı hansı vəziyyətdə olacağını indidən təsəvvür etmək çətin deyil.
HƏBİB
