İstefaya göndərilmək sırası ona çatır - Heç kimlə yola getmir

14:00 Problem 192
İstefaya göndərilmək sırası ona çatır - Heç kimlə yola getmir

Nəticələri get-gedə pisləşir «İmişli»nin.

Altı həftəyə dörd məğlubiyyət həqiqətən pisdir Fərid Namazovun adına.

Təhlükə var başının üstündə. Topladığı dörd xalın «üstünü düzəltməsə», yəqin ki, iki-üç turdan sonra kreslosu ilə vidalaşacaq.

«İmişli»yə Jorj Kaşkilyanın vaxtındakından daha pozitiv futbol aşılamağa çalışsa da. Hər tur 6-7 azərbaycanlıya əsas heyətdə şans tanısa da.

Namazov gənc, amma ambisiyalıdır. Təcrübəsiz, ancaq hirs-hikkəlidir.

Bu xasiyyəti ona problemlər yaradır və yaradacaq. İstər rəhbərliklə, istər futbolçularla, istərsə də köməkçiləri ilə iş əsnasında.

Kamran Eyyubov bu cavana şərait yaradır ki, özünü Premyer Liqa ailəsinə tanıtsın. Namazov əlinə düşən gözəl fürsəti dəyərləndirməyə çətinlik çəkir.

Əsas köməkçisi Zamir Həsənovla yaşadığı problem bu perspektivin üzərini qara və qatı dumanla örtür.

«Pro» kateqoriyası olan, kifayət qədər savadlı və sakit biri kimi tanıdığımız Həsənovu o, burada yola verə bilmirsə, papağını qarşısına qoyub, yaxşı-yaxşı fikirləşməlidir - axı mən nə edirəm?

Sən özünəinamlı ola bilərsən, fəqət, ətrafındakı şəxslərlə düzgün təmas qurmağı bacarmırsansa, onlarla tez-tez konflikt yaşayırsansa, məşq prosesində futbolçularla davamlı dilləşirsənsə, günahı özündə axtarmalısan.

Futbol camiəsi böyük deyil, hamı bir-birni yaxşı tanıyır. Respublikanın bu başında bir hadisə olsun, 5 dəqiqə sonra hər tərəfə yayılacaq.

O, Kamran Eyyubovdur, baş məşqçi seçimində özünü odun içinə atır, başqası bunu etməyəcək. Fərid Namazov gerçəkliyi anlamalıdır.

YAŞAT Fondunda vəzifə tutan bəzi tanışlarına həmişə bel bağlamamalıdır. Heç də hər dəfə ona görə kiməsə ağız açmayacaq, minnətçi düşməyəcəklər.

Namazov onlara arxayın olub, kölgəsində sərinlədiyi ağacın budaqlarını kəsməməlidir, çevrəylə dil tapmalıdır, əhatə dairəsini böyütməlidir, intriqadan uzaq dayanmalıdır, reputasiyasını korlamamalıdır.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...