İki həftə öncə Kaxaber Sxadadze ilə yollarını ayıran «Qəbələ»nin yeni baş məşqçi tapması barədə məlumat vermişdik.
Bildirmişdik ki, həmin mütəxəssis əcnəbidir. Şimali Makedoniyadan olan çalışdırıcının artıq Azərbaycana gəlməsi də məlumdur.
Klub hələlik bu təyinatı açıqlamağa tələsmir. Proesi tamamilə gizli saxlayırlar. Hər vəchlə çalışırlar ki, son xəbər mediaya sızmasın.
Açığı, biz «qırmızı-qaralar»ın yeni sükançısının kimliyini tam dəqiqləşdirə bilməmişik hələ. Bununla belə, redaksiyamıza müəyyən yeni qeyri-rəsmi informasiyalar daxil olmaqdadır.
Həmin məlumata inansaq, əyalət təmsilçisinin danışıqlar apardığı mütəxəssis Jeton Beqiridir. O, son olaraq ölkəsində «Şkendiya»nı çalışdırıb.
2024-cü ilində bu klubun sükanı arxasına keçib və bir müddət əvvəl oradan ayrılıb.
Beqiri Azərbaycan futbolunu pis tanımır. Onun çalışdırdığı «Şkendiya» 2025- ci ildə Şimali Makedoniya çempionu olub və Çempionlar Liqasında «Qarabağ»la qarşılaşıb.
Yarışın ikinci təsnifat mərhələsində «köhlən atlar»la üz-üzə gələn «Şkendiya» öncə Skopyedə 0:1, ardınca Bakıda 1:5 hesabıyla uduzaraq, mübarizə dayandırıb.
Bir daha oxucularımızın diqqətinə çatdırırıq ki, bu, tam dəqiqləşdirdiyimiz məlumat deyil. Burada başqa məşqçini görsəz, gərək təəccüblənməyəsiz.
Sağ göstərib, sol vurmaq bunların «adət»idir.
SPORTİNFO.AZ
