Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsinin sürpriz nəticəsi Sabirabadda qeydə alındı.
Yerli "Marafon" komandası boyundan yuxarı tullanaraq Birinci Liqa təmsilçisi "Zaqatala"nı mübarizədən kənarlaşdırıb.
İkinci Liqa klubu İlham Məmmədovun yeganə qolu ilə adını növbəti mərhələyə yazdıra bilib.
Matçdan sonra komandanın kapitanı, Premyer Liqada böyük təcrübəsi olan Novruz Məmmədov Sportinfo.az-a müsahibə verib.
– İlk növbədə, “Zaqatala” üzərində qazanılan qələbə barədə fikirlərin maraqlıdır...
– Maraqlı və çətin oyun oldu. Sonadək mübarizə apardıq və ən əsası, bu qələbəyə inanırdıq. İnam çox vacibdir. Sabirabadda öz azarkeşlərimizin qarşısında qazanılan hər qələbə bizi sevindirir. Hər oyunda azarkeşlərimizi sevindirmək üçün sona kimi mübarizə aparacağıq.
– İkinci Liqa təmsilçisi kimi Birinci Liqa klubunu məğlub etmək gözlənilməz nəticə sayılır. Matçdan əvvəl bu qələbəyə inanırdınızmı, yoxsa belə nəticə sizin üçün də sürpriz oldu?
– Əlbəttə, Azərbaycanda Birinci Liqa İkinci Liqadan, Premyer Liqa isə Birinci Liqadan üstündür. Bunu hamı bilir. Amma biz qələbəyə inanırdıq və məncə, ən əsası da budur. Sonda istəyimizə çatdıq və buna görə sevincliyik.
– “Marafon” növbəti mərhələlərdə də bu uğurlu çıxışını davam etdirə bilərmi? Ölkə kubokunda komandanızın hədəfi nədir?
– Rəqibimiz Premyer Liqa klubudur. Sonuncu yerdə getsələr də, Premyer Liqa təmsilçisidirlər. Heyətlərində legionerlər var, yerli futbolçuları da yaxşıdır. Biz sadəcə mübarizə aparacağıq, sona kimi döyüşəcəyik.
– Komandanızda Premyer Liqa təcrübəsi olan futbolçular da var. Həmin oyunçuların təcrübəsi belə qarşılaşmalarda həlledici olduğunu demək olar?
– Təbii ki, təcrübə önəmlidir. Komandamızda belə oyunlarda iştirak etməyən gənc futbolçular da var. Amma onlar istəklidirlər, döyüşkəndirlər. Biz də onlara dəstək olur, bacardığımız qədər kömək edirik. Əsas odur ki, sona kimi mübarizə aparacağıq.
– İkinci Liqada mövsüm necə gedir? Çempionluq mübarizəsində “Marafon”un şanslarını necə qiymətləndirirsən?
– İkinci Liqada məqsədimiz çempion olmaqdu. Amma bu, asan olmayacaq. Rəqiblərimiz də var və yaxşı klublardır. Qarşıdakı ardıcıl oyunlarımız çempionluq uğrunda mübarizə aparan komandalarla olacaq. Fikrimiz yalnız qələbə qazanmaqdır. Rəqiblərə hörmətlə yanaşaraq oyunlara çox ciddi hazırlaşacağıq. İnşallah, istəyimizə çatacağıq.
XANOĞLAN İMANOV
