“İmişli” klubunda bu mövsümdən akademiyaya diqqət artırılıb. U-19 komandası 4 turdan sonra turnir cədvəlinə başçılıq edir. Klubda əsas məqsədlərdən biri də akademiyadan əsas komandaya futbolçular qazandırmaqdır.
“İmişli”nin U-19 komandasında qapıçı məşqçisi kimi çalışan Ülvi Xəlilzadə Sportinfo.az-a müsahibəsində klubdakı işlərdən, gənc qapıçıların hazırlığından və onların gələcək perspektivindən danışıb.
– Bu mövsümdən “İmişli”də çalışırsınız. İşlər necə gedir?
– Bəli, bu mövsüm “İmişli”nin U-19 komandasında çalışıram. Yaxşıdır, şükür.
– “İmişli”yə getmək qərarının arxasında hansı səbəblər dururdu?
– Yayda koordinatorumuz Vüqar Əsgərlidən zəng gəldi. Mənimlə görüşmək istədiyini bildirdi. Görüşdük, “İmişli”nin planları haqda məlumat verdi. Mənim də cavabım müsbət oldu. Digər təkliflərim də var idi, amma qərarım “İmişli” oldu.
– Bilirik ki, “İmişli” klubunda bu mövsümdən akademiyaya diqqət artırılıb. Məsələn, nə kimi dəyişikliklər var?
– Bəli, U-19 komandamız B qrupunda yer alıb. Dörd turdan sonra komanda liderdir. Bunun davamını gətirmək istəyirik.
– Qapıçıların çıxışından razısınızmı?
– Bəli, razıyam. Amma nəzərə alsaq ki, çempionat yeni başlayıb, daha da yaxşı olacağına inanıram. İnşallah.
– Sizcə, klub yaxın gələcəkdə öz yetirməsi olan qapıçılara güvənə biləcək?
- Bəli, bu yöndə işlər gedir. Bizim də istəyimiz budur.
- Son illər ümumən qapıçı problemi yaşayırıq. Yaranmış boşıuğu doldura biləcək istedadlar var?
– Bizdə yaxşı qapıçılar olub. Son dönəmlər ola bilər ki, qapı ilə bağlı sıxıntımız olsun. Amma mən bir qapıçı məşqçisi kimi deyə bilərəm ki, bizdə 2-3 ilə yaxşı qapıçılarımız olacaq. Buna çox inanıram. Özüm I Liqa və Premyer Liqanın oyunlarına baxıram və oradan bu qənaətə gəlirəm ki, bizdə qapıçılar olacaq. Buna çox inanıram. Adlarını da deyə bilərəm.
- Buyurun...
- Bizim gələcəyinə ümid bəslədiyimiz qapıçılarımız var. Məsələn, Rəvan Mirzəmmədov, Səlim Həşimov, Həbib Hüseynov və Sadiq Məmmədzadə kimi qolkiperlər gələcəkdə həm Premyer Liqada, həm də milli komandada uzun illər futbolumuza fayda verə bilərlər. Bunun bariz nümunəsini bu gün də gördük. Belə ki, Rəvan Mirzəmmədov Ayxan müəllim tərəfindən Azərbaycan milli komandasına dəvət olundu. Bu, sevindirici haldır və gənc qapıçılarımızın gələcəyi adına ümidverici məqamdır.
XANOĞLAN İMANOV
