“Azərbaycanda “bir nömrə”dirlər, bizə həzz verirlər” - MÜSAHİBƏ

21:20 Müsahibə 132
“Azərbaycanda “bir nömrə”dirlər, bizə həzz verirlər” - MÜSAHİBƏ

“Kəpəz” Gəncədə keçirdiyi növbəti oyundan xalla ayrıldı.

Premyer Liqanın 8-ci turunda “Zirə”ylə qarşılaşmada qonaqlar favorit göstərilsə də, qarşılaşma 1:1 hesabı ilə başa çatdı.

Sportinfo.az-a müsahibə verən “Kəpəz”in almaniyalı müdafiəçisi David Domjqoni sualları cavablandırıb.

- Qolu son dəqiqələrdə buraxdığınızı nəzərə alsaq, yekun nəticədən razı qaldığınızı deyə bilərik?

- Güclü rəqibə qarşı çətin oyun oldu. Baxmayaraq ki, ikinci hissədə hesabı açdıq, ikinci qolu vurmaq imkanı qazandıq. Lakin sona yaxın “Zirə”nin bərabərlik qolunu vurması planlarımızı pozdu. Futbol belədir, bir saniyə diqqəti əldən verdinsə, rəqib səni cəzalandıracaq. Bu dəfə də məhz belə oldu. 3 xal əla olardı, lakin bu cür rəqibə qarşı 1 xalı yaxşı adlandıra bilərəm.

- Sona yaxın “Zirə”nin təzyiqinə tab gətirə bilmədiyiniz hiss olunurdu.

- Son 10-15 dəqiqədə onlar va-banka getdilər. Hətta mərkəz müdafiəçisi hücumda çıxış edirdi. Böyük qüvvə ilə üstümüzə gəlirdilər deyə, bəzi anlarda balansı itirirdik. İstənilən halda təzyiqə dözməyi bacardıq. Bir qədər diqqətli olsaydıq, hətta meydanı qələbə ilə tərk edə bilərdik.

- Stadiondakı atmosfer barədə nə deyə bilərsən?

- Gəncədə oynayanda tribunalardan inanılmaz dəstək alırıq. Gördüyüm etibarilə deyə bilərəm ki, gəncəli azarkeşlər Azərbaycanda “bir nömrə”dir . Bu cür tarixi komandanın üzvü olaraq möhtəşəm azarkeşlərin qarşısında oynamaq həqiqətən həzz verir.

- Bura gəlməmişdən əvvəl vəziyyətin bu cür olacağını təsəvvür edirdin?

- “Kəpəz”dən təklif alanda hər bir futbolçu kimi mən də maraqlanmağa başladım. Məni bura gətirən insanlardan müəyyən bilgilər alanda onlar mənə yeni tikilmiş stadionu göstərdi, klubun tarixi haqda məlumat verdi və gəncəli azarkeşlərin futbolu sevdiyini bildirdilər. Gəlməmişdən əvvəl müəyyən təəssüratlara sahib idim. Gələndən sonra deyilənlərin həqiqət olduğunu gördüm.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti