Premyer Liqanın 7-ci turu "Şəfa" üçün ağır məğlubiyyətlə yadda qaldı.
Paytaxt təmsilçisi 65 dəqiqə 2:0 öndə olduğu matçın yekununda 3 qol buraxaraq məğlub oldu.
Görüşdə baxımlı qolla yadda qalan, komandasına penalti qazandıran Elnur Cəfərov Sportinfo.az-a müsahibə verib.
– Çox dramatik oyun keçdi. Belə sonluqdan sonra paltardəyişmə otağında baş məşqçi sizə nələr dedi?
– Hamımız məyus idik. Baş məşqçimiz məsləhətlərini verdi, iradlarını da bildirdi. Lakin paltardəyişmə otağında olan söhbətlər orada qalmalıdır.
– Bu mövsüm ilk dəfə start heyətində yer aldın. Oyundan əvvəl baş məşqçidən xüsusi tapşırıq almışdın?
– Təbii ki, baş məşqçimiz tərəfindən tapşırıqlar verilmişdi. Məndən daha özgüvənli olmağı, oyunu üzərimə götürməyi və sürətli reydlər etməyi tələb etdi. Fikrimcə, bacardığım qədər özgüvənli olmağa çalışdım. Nəticədə müəyyən epizodlarda üstünlük qazandım.
– Karyeranda belə uğurlu oyun keçirib, amma məğlub olduğun matç olub?
– Karyeramda ilk dəfə 2:0 hesabı ilə öndə olduğumuz oyunda məğlub oldum. Əvvəllər 2:0-dan 2:2-yə çevrilən, heç-heçə başa çatan oyunlarım olmuşdu, amma belə bir halla üzləşməmişdim. Çox məyusedicidir. Ancaq məsələyə başqa tərəfdən də baxmaq lazımdır. Biz dünən yeni bir şey öyrəndik. Peşəkarlar işlərinə peşəkar yanaşanda məğlub olmurlar, yeni nələrsə öyrənirlər. Biz də dünən nələrsə öyrəndik.
– 11 ildən sonra Premyer Liqada qol vurmaq necə hissdir?
– Fərqli hissdir. Çünki 11 il az vaxt deyil. “Kəpəz”lə Premyer Liqaya qayıtmışdım, amma fərqlənə bilməmişdim. Bu günə şükürlər olsun, xoş hisslər keçirirəm. “Şəfa”ya gələndə komanda İkinci Liqada çıxış edirdi. Qarşımıza Premyer Liqaya yüksəlmək məqsədi qoyulmuşdu. Şükürlər olsun ki, addım-addım bu hədəfə çatdıq. İkinci Liqa və Birinci Liqadan sonra nəhayət, Premyer Liqada komandama xeyir verirəmsə, bu, mənim üçün qürurvericidir. Belə məqamlarda xarakter böyük rol oynayır.
XANOĞLAN İMANOV
