Bu gün "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayacaq.
Rəşad Sadiqovun baş məşqçilik etdiyi kolllektiv ikinci təsnifat mərhələsinn ilk oyunları çərçivəsində Zaqreb "Dinamo"su (Xorvatiya) ilə qarşılaşacaq.
"Azərsun Arena"da keçiriləcək matç saat 15:30-da başlayacaq. Bu komandalar arasında cavab oyunu noyabrın 4-də olacaq.
Cütün qalibi növbəti mərhələdə "Benfika" (Portuqaliya) – "Pafos" (Kipr) duelinin üstün tərəfi ilə qarşılaşacaq.
"Qarabağ"ın U-19 komandası Yerli çempionlar yolu xətti ilə bu turnirdə iştirak edir. "Sabah"ın U-19 komandası isə Çempionlar Liqası yolu ilə turnirdə mübarizə aparır.
Yerli çempionlar yolu xətti ilə yarışda mübarizə aparan komanda (indiki halda "Qarabağ") turnirin 1/16 final mərhələsinə yüksəlmək üçün iki mərhələ keçməlidir. Həmin mərhələdə Çempionlar Liqası yolunda ilk 22 yeri tutan komanda da yarışacaq.
“Qarabağ” Futbol Akademiyasının direktoru Aftandil Hacıyev bu haqda Sportinfo.az-a açıqlama verib:
“Rəqibin adına və gördüyü işlərə hörmətlə yanaşırıq. “Dinamo“nu Avropada akademiyasına görə tanıyırlar. Klub öz büdcəsini əsasən akademiya yetirmələrinin satışından əldə etdiyi vəsaitin hesabına formalaşdırır. Hər il bir neçə gənci baha qiymətə Avropanın aparıcı çempionatlarına satırlar. Mən şəxsən bu akademiyanın fəaliyyətini canlı izləmək imkanı qazanmışam. İki il qabaq Xorvatiyada olmuşam. Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın "Dinamo" ilə oyunu ərəfəsində Xorvatiyaya səfər edərkən bu klubun akademiyasına baş çəkmişəm. Deyə bilərəm ki, kifayət qədər sistemli iş qurublar. Zaqreblilərin futbol məktəbi əsas heyətdən daha çox tanınır. Avropada bir çox tanınmış futbolçunun yolu məhz buradan keçib. UEFA Gənclər Liqasının əsas mərhələsində oynaya biləcək potensiala malikdirlər. Bu da onların bu sahəyə nə qədər önəm verdiklərini göstərir. Həmin sistemi Azərbaycanda qurmaq bir qədər çətindir. Müəyyən vaxt lazımdır. Mən şəxsən bu akademiyanın fəaliyyətini canlı izləmək imkanı qazanmışam. Orada kifayət qədər sistemli iş qurulub. “Dinamo“ bu cütün favoriti sayılır. Ancaq bizim komandamız da ötənilki turnirdən sonra daha çox təcrübə toplayıb və yaxşı heyət formalaşıb. Keçən il daha gənc futbolçularla çıxış edirdik. Bu il nəticələr istədiyimiz kimi olmasa da, oyun baxımından çox inkişaf etdiyimizi düşünürəm. Qarşımıza xüsusi hədəf qoyulmayıb. Bacardığımız qədər öz oyunumuzu oynayacağıq. Çünki “Dinamo Zaqreb”dən sonra dünyanın ən güclü akademiyalarından birinə sahib olan “Benfika” ilə qarşılaşa bilərik. Belə rəqiblərlə matçlarda həm yaxşı oyun göstərmək, həm də müsbət nəticə qazanmaq çətindir. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik. Əsas odur ki, daha cəsarətli və yaxşı oyun nümayiş etdirək, topladığımız təcrübəni nəticəyə çevirməyə çalışaq. Onlarla oyun gənclərimiz üçün yaxşı təcrübə olacaq. Hazırda heyətimiz daha çox yerli oyunçulardan təşkil olunub. Komandaya yalnız Qanadan olan Daniel Aryeri cəlb edilib. Çempionatda mübarizə aparmaq və beynəlxalq matçlarda faydalanmaq üçün daha bir oyunçu almaq istərdik. Lakin hələlik danışıqlar müsbət yekunlaşmayıb. Buna baxmayaraq, mövcud yerli gənclərin bu cür qarşılaşmalarda təcrübə qazanmasını hədəfləyirik".
