"İlk qolunu vurduğum "Sabah"ın Çempionlar Liqasında tarix yazması məni çox sevindirir" - MÜSAHİBƏ

17:45 Müsahibə 155
"İlk qolunu vurduğum "Sabah"ın Çempionlar Liqasında tarix yazması məni çox sevindirir" -  MÜSAHİBƏ

Hazırda ölkəmizi Çempionlar Liqasında layiqincə təmsil edən “Sabah”ın tarixində ilk qolun müəllifi Məhəmməd Alıyev olub.

Veteran yarımmüdafiəçi karyerası ərzində “bayquşlar”la yanaşı, “Sumqayıt” və “Rəvan” kimi Premyer Liqa klublarının da formasını geyinib.

O, hazırda “Sumqayıt” Akademiyasında məşqçi kimi çalışır. Təməl hazırlıq qrupunda uşaqlara futbolun sirlərini öyrədir, öz təcrübəsini gələcəyin futbolçuları ilə bölüşür.

Onunla söhbətimizdə vaxtilə formasını geyindiyi “Sabah”ın tarixi uğurundan danışdıq, eləcə də hazırkı fəaliyyəti ilə bağlı suallarımıza cavab aldıq.

Məhəmməd Alıyev Sportinfo.az-a müsahibəsində maraqlı məqamlara toxunub.

- Vaxtilə formasını geyindiyin “Sabah” hazırda Azərbaycan futbolunun tarixində yeni səhifə yazır. Komandanın Çempionlar Liqasındakı uğurlu çıxışını necə qiymətləndirirsən?

- “Sabah”ı Çempionlar Liqasına vəsiqə qazanması münasibətilə təbrik edirəm. Bu, Azərbaycan futbolunun uğurudur. Bütün klublarımıza bu turnirdə oynamağı arzulayıram. İnanıram ki, yaxın gələcəkdə daha uğurlu, inamlı çıxışların şahidi olacağıq.

- “Sabah”ın tarixində ilk qolun müəllifi olmusan. Həmin qol yadındadırmı? Bu barədə hansı xatirələrini bölüşə bilərsən?

- Bəli, həmin qol mənim üçün çox önəmli idi. Baş məşqçi Arif Əsədov çempionatın başlamasına az qalmış məni kluba transfer etdi, mənə güvəndi və ilk oyunda fərqləndim. Beləliklə, “Sabah”ın tarixində ilk qolun müəllifi oldum. Tarixi qolun müəllifi olduğum klubun bu gün tarix yazması məni həqiqətən sevindirir. Bu klubun bir parçası olmaq mənə də qürur verir.

- Bir vaxtlar çıxış etdiyin klubun bu gün Avropanın ən nüfuzlu turnirində mübarizə aparması sənə hansı hissləri yaşadır? Belə uğurları gözləyirdinmi?

- Keçmiş futbolçusu olduğum “Sabah”ın bu turnirdə çıxış etməsi mənə xoş hisslər yaşadır. Açığı, belə uğurun bu qədər qısa müddətdə əldə olunacağına inanmırdım.

- “Sabah”ın qısa müddətdə bu səviyyəyə yüksəlməsinin əsas səbəbini nədə görürsən?

- Düzgün struktur, fəlsəfə, skautinq, həmçinin futbolçu və məşqçi seçimləri bu uğurun təməlidir.

- Hazırda “Sumqayıt” Akademiyasında çalışırsan. Məşqçilik fəaliyyətin necə gedir?

- Hazırda “Sumqayıt”ın akademiyasında U-8 komandasında baş məşqçi vəzifəsində çalışıram. AFFA-nın Şimal Regionu üzrə keçirdiyi çempionatda bir yaş böyük uşaqların mübarizə apardığı U-9 liqasında çıxış edirik.

- Bu yaşda uşaqlarla işləmək elə də asan deyil, öhdəsindən necə gəlirsən?

- Uşaqlarla işləmək həm çətindir, həm də xoşdur. İşimdən zövq alıram. Məşqçi olmaq tamamilə fərqli hisslər yaşadır. Futbolçu karyeramı sanki həmin uşaqlarla yenidən yaşayıram, futboldan həzz alır və xatirələrimi onlarla bölüşürəm.

- Təməl hazırlıq qrupunda uşaqlara futbolun sirlərini öyrədirsən. Bu yaşda futbolçuların yetişdirilməsində ən çox nəyə diqqət yetirirsən?

- Bu yaşda uşaqların qaçış texnikasına, cəldliyinə, çevikliyinə, koordinasiyasına və texniki bacarıqlarına xüsusi diqqət yetirirəm. Təməl yaş qruplarında bunların hər biri çox vacibdir. Daha sonra fərdi keyfiyyətlər ön plana çıxır. Driblinq, müxtəlif ötürmə növləri, zərbələr və fərdi taktiki davranış üzərində işləyirik. Uşaqların peşəkar səviyyəyə çatması üçün daim məşq etmələri, fərdi keyfiyyətlərini inkişaf etdirmələri vacibdir. Məşqçilər onların inkişafı üçün lazımi şərait yaratmalı, prosesi planlı şəkildə təşkil etməlidirlər. Qidalanma rejimi, ətraf mühit və təhsil də nəzarətdə olmalıdır. Valideyn dəstəyi də burada mühüm rol oynayır. Bütün bunlar birlikdə olduqda uşaqların peşəkar futbolçu olmaq şansı artır.

- Yeni mövsüm artıq başlayıb. Baş məşqçisi olduğun yaş qrupunun çıxışını necə qiymətləndirirsən? İstedadlı uşaqlar var?

- Avqust ayında yığılmış komandamızla fəxr edirəm. Uşaqlar özlərindən bir yaş böyük futbolçuların mübarizə apardığı U-9 liqasında çıxış etmələrinə baxmayaraq, özünəinamlı, əzmkar və baxımlı oyun nümayiş etdirirlər. Komandamızda istedadlı uşaqlar var. Bu yaşda akademiyada belə futbolçuların olması həqiqətən sevindiricidir. Bəzi oyunçularımızın potensialını da zamanla üzə çıxaracağıq.

- Futbolçu kimi Premyer Liqada çıxış etmisən, indi isə məşqçi kimi fəaliyyət göstərirsən. Gələcəkdə əsas komandalardan birində baş məşqçi və ya köməkçi məşqçi kimi çalışmağı düşünürsənmi?

- Premyer Liqada və milli komandada işləmək hər bir məşqçinin arzu və istəyidir. Bunun üçün daim öz üzərimizdə çalışmalıyıq. AFFA-nın keçirdiyi məşqçilik kateqoriyası kurslarında iştirak etmək, gələcəkdə B və A lisenziyalarını almaq istəyirəm. Allahın izni ilə bu hədəflərimə çatacağıma inanıram.

- “Sabah”ın tarixində ilk qolun müəllifi kimi klubla xüsusi bağın var. Gələcəkdə məşqçi kimi yenidən bu komandada çalışmağı istərdinmi?

- Bir sumqayıtlı və “Sumqayıt”ın sabiq futbolçusu kimi hazırda bu klubda işləmək mənə fəxr və qürur verir. Eyni hissləri gələcəkdə “Sabah”dan təklif alacağım təqdirdə də yaşayaram. Klubun tarixində ilk qolun müəllifi kimi orada çalışmaq mənim üçün qürurverici olardı.

- Bu günə qədər “Sabah”dan hər hansı təklif almısan?

- Xeyr, indiyədək “Sabah”dan heç bir təklif almamışam.

- Azərbaycan futbolunda uzun müddət çıxış etmiş, indi isə uşaq futbolunda çalışan mütəxəssis kimi, gələcəyin futbolçularının yetişdirilməsi üçün klublar və akademiyalar nələri dəyişməlidir? Səncə, ölkə futbolunun əsas problemi hazırda nədədir?

- Məşqçilərin və futbolçuların beynəlxalq turnirlərdə iştirakı çox önəmlidir. İstedadlı uşaqlar üçün elit komandalar yaradılmalı, onlar eyni komanda altında bir yaş böyük qruplarda çıxış etməli, təlim-məşq toplanışlarına qatılmalı və beynəlxalq turnirlərdə iştirak etməlidirlər. Təməl yaş qruplarında peşəkar məşq metodikasını dərindən bilən və onu uşaqlara düzgün şəkildə izah edə bilən məşqçilər çalışmalıdır. Təməl hazırlıq üzrə məşqçilər xarici ölkələrdə praktiki kurslarda iştirak etməli, öyrəndiklərini uşaqlara ötürməlidirlər. Məşqçilər inkişaf etdikcə futbolçular da inkişaf edəcək. Bu, əsas prinsiplərdən biridir. Təəssüf ki, bizdə bir çox klub təməl yaş qruplarına ciddi yanaşmır. Halbuki hər şey təməldən başlayır. Bu istiqamətdə lazımi addımları ata bilsək, inanıram ki, Azərbaycan futbolunda hər şey daha yaxşıya doğru dəyişəcək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti