Premyer Liqanın 7-ci turunda keçirilən "Neftçi" - "Sabah" görüşünün baş hakimi Rauf Cabarovun 77-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Velko Simiçə sarı vərəqə verməsi geniş müzakirələrə yol açdı.
Birinci turda "Sumqayıt" - "Neftçi" arasında baş tutan görüşdə meydan sahiblərinin kapitanı Səbuhi Abdullazadəyə verilən qırmızı vərəqə ilə müqayisə olundu. Axı hər iki epizod bir-birinə çox bənzəyirdi.
Biz də belə məqamda Abdullazadə ilə əlaqə saxlayıb, həm bu barədə danışdıq, həm də sağlamlıq durumunu öyrəndik.
– Əvvəlcə zədən barədə məlumat ver, zəhmət olmasa. Vəziyyətin necədir?
– Şükür, hər şey yaxşıdır. Gündən-günə daha yaxşılaşıram. Artıq dörd həftədir fizioterapiyaya başlamışam. İnşallah, bundan sonra da vəziyyətim daha yaxşı olar.
– Artıq çempionatda 7 tur geridə qalıb və sən bu oyunların 6-da iştirak etməmisən. Kənardan izləmək çətin deyil ki?
– Əlbəttə, çətindir. İlk dəfədir ki, bu qədər uzun müddət meydandan kənarda qalıram. Amma bu barədə çox düşünərək özümü motivasiyadan salmamağa çalışıram. Bütün fikrim sağalmağımdadır. İnşallah, tezliklə sağalıb meydanda komandama kömək edəcəyəm.
– Komanda ilk 6 turda qələbə qazana bilmədi . Yalnız son turda “Qəbələ” üzərində inamlı qələbə əldə etdi. Bu qələbə ilə uğursuz seriyaya son qoyulduğunu deyə bilərikmi?
– Ümid edirəm ki, bundan sonra nəticələrimiz düzələcək. Hər bir komandanın çətin dövrləri olur. “Qəbələ” ilə matçda qazanılan qələbə komandanın özünəinamı baxımından çox vacib idi. Çempionat uzun marafondur. İnşallah, qələbələrimiz davamlı olar.
– Hələ təlim-məşq toplanışı zamanı qapıçı Ceyms, daha sonra sən, sonuncu oyunda isə Jeam və Rüstəm zədələndi. Bu qədər itki ilə uğurlu çıxışı davam etdirmək çətin görünmür?
– Zədələr hər komandada ola biləcək haldır. Bundan heç kim sığortalanmayıb. Elə vaxtlar olub ki, bundan da çox zədəlilərimiz olub. Amma bu, komanda üçün yenə də çətindir. İnşallah, bundan sonra zədələr olmaz və komandamız tam gücü ilə meydanda olar.
– Artıq uzun müddətdir meydanda olmasan da, son turda keçirilən “Neftçi” – “Sabah” oyununda yaşanan hadisə sənin ilk turdakı epizodunu yenidən gündəmə gətirdi. Yəqin ki, videonu görmüsən. Maraqlıdır ki, hər iki oyunda rəqib “Neftçi” olub. Demək olar ki, eyni vəziyyətdə sənə qırmızı, Veliko Simiçə isə sarı vərəqə göstərildi. Epizodu görəndə ürəyindən nələr keçdi?
– Mənim epizodumdan artıq iki ay vaxt keçib. İndi nəsə deməyim heç nəyi dəyişməyəcək. Rəqibin kim olmasının və ya hansı oyunun keçirilməsinin də, məncə, əhəmiyyəti yoxdur. Sadəcə, qərarlar fərqlidir. Əlbəttə, hakimlər də insandırlar və səhv edə bilərlər. Qaydaları dəqiq bilmədiyimə görə nəyin doğru, nəyin yanlış olduğunu tam deyə bilmərəm. Amma məncə, hər iki epizod demək olar ki, eynidir. Sadəcə, düşünürəm ki, hər iki epizodda eyni qərar verilməli idi.
– Meydandan kənarda qaldığın müddətdə milli komandanın da oyunları oldu. Son zamanlar milliyə müntəzəm dəvət alan futbolçu kimi komanda yoldaşlarının çıxışını necə dəyərləndirirsən?
– Milli komanda hamımızındır. Oynasam da, oynamasam da, hər kəs orada bir ad uğrunda mübarizə aparır. Qələbə qazanıb sevinəndə hər birimiz sevinirik, məğlub olanda isə hamımız üzülürük. Millinin çıxışı barədə nəsə demək mənə düşməz. Sadəcə, Lixtenşteynlə oyundakı heç-heçədən sonra komandanın göstərdiyi əzmkarlıq əsas məqam idi. Şükürlər olsun ki, qələbə qazandılar. İnşallah, növbəti toplanışlarda da qələbələr davamlı olar.
XANOĞLAN/ SPORTİNFO.AZ
