Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində oyunlar keçirilir.
İlk oyun günündə “Qəbələ” doğma meydanda I Liqa təmsilçisi “Mingəçevir”i qəbul edib ki, “qırmızı-qaralar” rəqibini 3:0 hesabı ilə məğlub edərək 1/8 final mərhələsinə yüksəlib.
Matçdan sonra Sportinfo.az-a açıqlama verən “Mingəçevir”in baş məşqçisi Elman Sultanov maraqlı fikirlər səsləndirib:
“Qəbələnin gücünü qabartmağa ehtiyac yoxdur. Təkcə bir faktı qeyd etmək kifayətdir - bu komanda Premyer Liqada mübarizə aparır, heyətində legioner futbolçular top qovur.
Belə komandalara qarşı mübarizə aparmaq, onlarla oyunda uğurlu nəticə qazanmaq çətindir.
Buna baxmayaraq, futbolçularıma göstərdikləri əzmkarlığa və ağıllı oyuna görə təşəkkür etdim.
Klubda problemlər hələ də qalmaqdadır. Maliyyə çətinlikləri davam edir, artıq bir neçə aydır maaş verilmir.
Açığı, bəzi futbolçular meydana çıxmaq istəmirdi. Onları bir təhər yola gətirərək oynamağa razı saldım.
Bunu Mingəçevirə görə etdik. Bu şəhəri təmsil ediriksə, dözməli, səbir göstərməli və hər şeyin yaxşı olacağına inanmalıyıq.
Belə vəziyyətdə işləmək də çətindir, oynamaq da. Amma dişimizi sıxıb hələlik davam edirik. Vəziyyətin düzələcəyinə ümidimiz var”.
HƏBİB
