Çempionlar Liqasına damğa vuran “Sabah”lı indi qol vura bilmir - NİYƏ?

19:40 Sabah 82
Çempionlar Liqasına damğa vuran “Sabah”lı indi qol vura bilmir - NİYƏ?

“Sabah”ın nümayiş etdirdiyi məhsuldarlıqda iki futbolçunun xüsusi payı var.

Söhbət Coy-Lens Mikels və Velko Simiçdən gedir.

Məhz bu ikili cari mövsümdə həm avrokuboklarda, həm də Premyer Liqada ümumilikdə 18 qol vurub. Bunun 10-u Mikelsin, 8-i isə Simiçin hesabına düşür.

Serbiyalı yarımmüdafiəçi mövsümə kifayət qədər uğurlu başlamışdı. “Sabah”ın indiki səviyyəyə yüksəlməsində, Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanmasında Velkonun danılmaz əməyi var.

O, təsnifat mərhələsində meydana çıxdığı 8 oyunun 6-da fərqlənərək komandasının ən məhsuldar futbolçusuna çevrilmişdi. Daha bir qarşılaşmada isə qol ötürməsi ilə yadda qalmışdı.

Premyer Liqaya da pis başlamamışdı. İlk 4 oyundan sonra aktivində 2 qol var idi.

Lakin son vaxtlar Simiç sanki kölgəyə çəkilib. Düzdür, meydana çıxır, komandasına fayda verməyə çalışır, ancaq qol və məhsuldar ötürmə sarıdan çətinlik yaşayır.

Serbiyalı futbolçu avrokuboklarda sonuncu dəfə avqustun 19-da “Hapoel Beer-Şeva” ilə səfər matçında qol vurub. Həmin vaxtdan bu yana Çempionlar Liqasında 4 görüşdə nə qol vurub, nə məhsuldar ötürmə verib.

Premyer Liqada isə adını tabloya sonuncu dəfə sentyabrın 14-də “Şəfa” ilə qarşılaşmada yazdırıb.

Həmin gündən bu yana “İmişli”, “Qarabağ” və “Neftçi”yə qarşı meydana çıxıb, lakin məhsuldarlıq baxımından heç nə ilə fərqlənməyib.

Beləliklə, son oyunlarda Simiçin məhsuldarlığında nəzərəçarpan eniş müşahidə olunur. Mövsümün əvvəlində rəqib müdafiəçilər üçün ciddi təhlükə yaradan yarımmüdafiəçi hazırda əvvəlki effektivliyindən uzaqdır.

Əlbəttə, belə hallar hər bir futbolçunun başına gələ bilər. Həm də, komandaya fayda verməyin yeganə yolu qol vurmaq deyil. Bəzən meydanda görülən işlər statistik göstəricilərdə əksini tapmır.

Ancaq fakt faktılığını dəyişmir. Velko mövsümə böyük iddia və istəklə başlamışdı. Təsnifat mərhələsində vurduğu 6 qolla “Sabah”ın Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməsində mühüm rol oynamışdı.

Görünür, rəqiblər Simiçi zərərsizləşdirməyin yolunu tapıblar. Bəlkə də futbolçu özü müəyyən psixoloji gərginlik yaşayır. Qol vura bilmədikcə, məhsuldar ötürmə ilə yadda qalmadıqca üzərindəki təzyiqin artması ehtimalı da istisna deyil.

Hər halda, “Sabah”ın Velko Simiçin əvvəlki məhsuldarlığını bərpa etməsinə ehtiyacı var. Çünki komandanın həm daxili yarışlarda, həm də avrokuboklarda iddialarını davam etdirməsi üçün belə futbolçuların fərdi keyfiyyətləri çox önəmlidir.

“Sabah”ın azarkeşləri onun yenidən qol və məhsuldar ötürmələri ilə komandasına töhfə verməsini gözləyir.

Haydi, Velko!

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti