Bu dəfə əcnəbinin səhvini yerli futbolçu "yudu" - İndi sözünüz nədir?

Bu dəfə əcnəbinin səhvini yerli futbolçu "yudu" - İndi sözünüz nədir?

Premyer Liqanın 9-cu turunda keçirilən “Şəfa” – “Zirə” oyununda qonaqların qapısına iki penalti təyin olundu. İlk zərbəni moldovalı Stina dəqiq yerinə yetirə bilmədi. Onun zərbəsini “Şəfa”nın qapıçısı Tiaqo Silva dəf etdi.

İkinci hissədə “Şəfa”nın qapısına yenidən penalti təyin olundu. Bu dəfə topa Şakir Seyidov yaxınlaşdı və dəqiq zərbə ilə hesabı bərabərləşdirdi.

Şakirin qolundan sonra bir anlıq “Zirə”nin “Osiyek”lə Konfrans Liqası oyununu xatırladım.

Həmin görüşün taleyi penaltilər seriyasında həll olunmuş, Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qalib gəlmişdi.

O vaxt “Zirə”nin legionerlərindən Ruan Renato və Rafael Utziq penaltilərdən fərqlənmiş, azərbaycanlı futbolçulardan isə Qismət Əliyev, Məqsəd İsayev və Ceyhun Nuriyev fürsəti qaçırmışdı. Bundan sonra yerli futbolçuların penalti vura bilməməsi ilə bağlı ciddi tənqidlər səslənmişdi.

Həmin vaxt da fikrimi bildirmişdim: penalti müəyyən mənada lotereyadır. Bəzən dünya ulduzları belə, on bir metrlik zərbəni dəqiq yerinə yetirə bilmir. Bu, futbolçunun səviyyəsini müəyyənləşdirən əsas göstərici deyil.

Bu dəfə isə mənzərə tam əksinə oldu. Legionerin vura bilmədiyi penaltini azərbaycanlı futbolçu qola çevirdi. Amma bu dəfə heç kim məsələni “legioner bacarmadı, azərbaycanlı bacardı” kimi müzakirə etmədi.

İndi Şakir Stinadan güclü oyunçu oldu? Təbii ki, kimsə bunu bir penala görə iddia edə bilməz. Etsə də ciddi qəbul edilməz.

Mənim mövqeyim indi də dəyişməyib. Azərbaycanlı futbolçu penalti vurdu deyə legionerdən daha yaxşı oyunçu olmur. Eyni zamanda, legionerin penaltini qaçırması da onun yerli futbolçudan zəif olduğunu göstərmir.

Həmçinin də əks halda yerliyə pis demək, yuyub sərmək doğru deyil.

Penalti futbolun bir hissəsidir və onu hər kəs qaçıra bilər. Futbolçunun səviyyəsini bir zərbə ilə ölçmək doğru deyil. Aşağılamaq isə heç doğru deyil.

Meydanda kimin daha yaxşı olduğunu penalti vuruşu yox, ümumi oyun, keyfiyyət və sabitlik müəyyənləşdirir.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti