"Araz Naxçıvan"ın müdafiəçisi Abdulla Rzayev Premyer Liqanın 9-cu turunda "Qəbələ"yə məğlub olduqları (1:2) görüşdən sonra Sportinfo.az-a müsahibə verib.
- Yenə məğlub oldunuz...
- Şamaxıda oynamaq asan deyil. Amma bu gün hava şəraiti daha yaxşı futbol oynamağımıza imkan verirdi. Sadəcə, son zərbələrdə və keyfiyyət baxımından çoxlu səhvlər etdik. Mənə elə gəlir ki, qələbəyə daha çox layiq idik.
- Bəs niyə qələbə qazana bilmirsiniz?
- Komanda yaxşı oynayır, sadəcə, qələbə qazana bilmir. Bu vəziyyət bizim özümüz üçün də çox çətindir. Düşünürük, müzakirələr aparırıq və əlimizdən gələni etməyə çalışırıq ki, bu vəziyyətdən çıxaq. “Araz-Naxçıvan” böyük komandadır. Çalışacağıq ki, “Zirə” ilə oyunda qələbə qazanaq. İnanıram ki, bir qələbə qazansaq, ardı gələcək. Özümüz də görürük ki, oyunlarımız yaxşılaşır, sadəcə, nəticə əldə edə bilmirik. Bu, bizim üçün də çox çətindir.
- Birinci hissədən fərqli olaraq, ikinci yarıda passiv göründünüz. Sanki hesabda geri olan "Araz-Naxçıvan" deyildi...
- Oyunun əvvəlində yaxşı mübarizə apardıq, qol imkanlarımız da oldu. Onlardan istifadə edə bilsəydik, hər şey fərqli ola bilərdi. Hesabda önə keçsəydik, rəqib daha çox irəli atılacaqdı və əks-hücumlarda boşluqlar tapa bilərdik. Hesabda geri düşsək də, həm birinci, həm də ikinci hissədə yaxşı epizodlarımız oldu. Sadəcə, gözlənilməz qollar buraxdıq. Bu da oyunun gedişinə təsir etdi. “Qəbələ” müdafiəyə çəkildi, qapanan komandalara qarşı oynamaq isə çətindir. Əks-hücumlarda da imkanlarımız oldu, oyunun sonlarında da qol epizodları yaratdıq. Təəssüf ki, onlardan yararlana bilmədik.
- Mövsüm yeni başlayıb, amma ikinci baş məşqçi ilə çalışmaq məcburiyyətindəsiz. Bəs bu məqam sizə necə təsir edir?
- Mövsüm ərzində bir baş məşqçi getdi, digəri gəldi. Təbii ki, hər məşqçinin gedişindən sonra komandada ab-hava dəyişir. Yeni gələn məşqçi öz sistemi və fəlsəfəsi ilə gəlir. Bu cür dəyişikliklərə uyğunlaşmaq asan deyil. Özümüz də oturub düşünürük, səhvlərimizi təhlil edirik. Çox inanırıq ki, vəziyyət düzələcək.
- Ardıcıl məğlubiyyətlərdən sonra baş məşqçi sizə nə dedi?
- Baş məşqçimiz də səhvləri düzəltməli olduğumuzu deyir. Sadə qollar buraxdıq, yaratdığımız qol imkanlarından yararlana bilmədik. Qarşıda “Zirə” ilə oyun var. Yalnız qələbə haqqında düşünürük. Başqa şansımız yoxdur. Meydana həmişə qələbə qazanmaq üçün çıxırıq.
- Məğlub olsanız da, yaxşı oyun keçirdiyini deyə bilərk. Öz performansın barədə nələr deyə bilərsən?
- Fərdi olaraq yaxşı oynayanda məğlubiyyət daha ağır olur. Qələbə qazananda isə həm yaxşı oyun göstərmək, həm də nəticəyə töhfə vermək ikiqat sevinc yaradır. Bugünkü çıxışımı başqalarının qiymətləndirməsi daha doğru olar. Mən öz tərəfimdən komandama fayda verməyə, oyundan-oyuna inkişaf etməyə və səhvlərim üzərində işləməyə çalışıram. Yaxşı oynayırıqsa, komandamızın qələbə qazanması bizim üçün ikiqat vacibdir.
XANOĞLAN İMANOV
