"Şamaxı" Premyer Liqanın 7-ci turunda "Şəfa"nı möhtəşəm geridönüşlə məğlub etdi - 3:2.
Matçdan sonra qələbədə 2 asistlə müstəsna rol oynayan Ayman Bouali Sportinfo.az-a müsahibə verib.
- Oyun barədə nələr deyə bilərsən?
- Oyun asan keçmədi. İlk hissədə yaxşı oynaya bilmədik və çox qol vəziyyəti yarada bilmədik. İkinci hissənin əvvəlində daha bir qol buraxsaq da, geridönüşə inanırdıq. Xarakterimizi göstərdik və 3 xal qazandıq.
- 0:2-dən sonra geridönüşlə bağlı inam var idi?
- Bəli, inanırdıq ki, bunu bacara bilərik. Daha çox mübarizə apardıq, komanda ruhumuzu göstərdik və istəyimizə çatdıq. Göstərəcəyimiz daha çox şey var, bu, sadəcə başlanğıcdır.
- Növbəti rəqib “İmişli”dir. Gözləntilərin nədir?
- Səfərdə oynayacağıq və qələbə qazanmaq üçün meydana çıxacağıq. İnşallah, 3 xal əldə edəcəyik.
- Qol vurmasan da, 2 məhsuldar ötürmə ilə yadda qaldın. Səni oyunun qəhrəmanı adlandırmaq olar?
- Qol vurmasam da, iki məhsuldar ötürmə ilə komandama kömək etdim. Mənim üçün əsas olan komandanın qələbəsidir, kimin qol vurmasının fərqi yoxdur. Fərdi göstəricilərimdən də məmnunam. Artıq 7 oyunda 5 məhsuldar ötürməm var. Göstərəcəyimiz daha çox şey var, bizi izləməyə davam edin.
XANOĞLAN İMANOV
