"Şəfa" Premyer Liqada ardıcıl 5-ci oyunda məğlub oldu.
Debütant bu dəfə "Turan Tovuz"la görüşdə meydandan xalsız ayrılmalı oldu - 0:1.
Bu matçda bakılıların qapısını qoruyan Əlirza Müştəbazadə Sportinfo.az-a müsahibə verib.
– İlk olaraq oyun barədə nələr deyə bilərsən? Niyə məğlub oldunuz?
– Oyuna yaxşı hazırlaşmışdıq, yaxşı mübarizə apardıq. Ani boşluq və diqqətsizlik nəticəsində qol buraxdıq.
– Ardıcıl 5 oyundur xal qazana bilmirsiniz. Səncə, əsas problem nədir?
– Biz hər oyuna final matçı kimi baxırıq və əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Amma bəzən istədiyimiz alınmır. Bununla belə, vəziyyəti düzəltməliyik.
– İki oyundur əsas heyətdə yer alırsan. Öz performansından razısan?
– Məncə, performansımı özüm yox, məşqçilər dəyərləndirsə, daha yaxşı olar. Özüm barədə heç nə demək istəmirəm.
– Tiaqo Silvanın gəlişi ilə qapıçı mövqeyində rəqabət artıb. Bu, səni narahat etmir?
– Tiaqonun gəlişi məni narahat etmir. Əksinə, rəqabətin olması inkişafa kömək edir. Düşünürəm ki, bu rəqabət məni daha da irəli aparacaq.
– Növbəti turda rəqibiniz “Şamaxı”dır. Səncə, uğursuz seriyaya son qoymaq mümkün olacaq?
– Yaxşı hazırlaşırıq. İnşallah, bu uğursuz seriyanı qıracağıq. Əlimizdən gələnin artığını edib qalib gəlmək istəyirik.
XANOĞLAN İMANOV
