“Sabah” Çempionlar Liqasının növbəti matçına çıxacaq.
Azərbaycan çempionun liqa mərhələsinin 3-cü turundakı rəqibi Dortmund “Borussiya”sıdır.
Oktyabrın 20-də Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmanın hansı hesabla başa çatacağını 90 dəqiqənin tamamı göstərəcək.
“Bayquşlar”ın əsas simalarından olan xorvatiyalı yarımmüdafiəçi İvan Lepinitsa vacib oyundan əvvəl Sportinfo.az-a müsahibə verib.
- Komandada ab-hava necədir?
-“Slaviya”nı məğlub edəndən sonra kollektivdə yaxşı atmosfer var. Düzdür, sevinmək üçün yetərli vaxtımız olmadı. Çünki qarşıda bizi “Qəbələ”ylə səfərdə daha bir vacib oyun gözləyirdi. Bu gün 4:0 hesabı ilə qələbə qazansaq da, bu, heç də asan başa gəlmədi. Çünki rəqib təslim olmaq istəmirdi. Bakıya qayıdıb, bir qədər istirahət edib, növbəti matça hazırlaşacağıq.
- Növbəti matça cəmi üç gün qalıb, rəqib isə Almaniya nəhənglərindən olan “Borussiya Dortmund”dur. Nəyə ümid etmək olar?
- Dediyiniz kimi, böyük komandadır, zəngin Avropa təcrübəsi var, favorit hesab olunur. Əlimizdən gələni edəcəyik ki, ən yaxşısına ümid edək.
- Belə komandalara qarşı oynamaq siz futbolçuların arzusudur? Yoxsa “Slaviya” səviyyəsində olan rəqiblər daha sərfəlidir?
- Razıyam, “Borussiya” güclüdür. Ancaq bir şeyi də deyim ki, Çempionlar Liqasının bu mərhələsində zəif rəqib yoxdur. Bura qədər gəlmişiksə, mübarizəni layiqli şəkildə davam etdirməliyik. Ona görə də rəqiblərin adına önəm verməyin tərəfdarı deyiləm. Vacib olan öz oyunumuza köklənməkdir. Çünki belə matçlarda nəyə qadir olduğumuzu və harada olduğumuzu görə bilirik.
- “Borussiya” ilə qarşılaşma bizim üçün güzgüdür” demək istəyirsən?
- Belə də deyə bilərik. Bilirəm ki, istənilən komandaya qarşı oynaya bilərik.
- Bakıda oynamağınız “Sabah” üçün üstünlük sayıla bilər, yoxsa “Borussiya” üçün səfər amilinin ciddi önəm daşımadığını düşünürsən?
- Üstünlüyümüz odur ki, rəqib komanda uzun məsafə qət edib Bakıya gələcək. Bəlkə də bizi lazımınca qiymətləndirmir, özlərindən zəif görürlər. Çünki “Sabah” Çempionlar Liqasında yeni addır. Bu, bizim üçün üstünlük sayıla bilər. Bir şey də var ki, cari avrokubok mövsümündə öz meydanımızda keçirdiyimiz matçlarda nəinki məğlub olmamışıq, bərabərə də qalmamışıq. Bütün oyunları udmuşuq. Bunun özü də xoş haldır.
- Almanlardan azı 1 xal almaq üçün nə etmək lazımdır?
- Fiziki cəhətdən hazır olmağımız mütləqdir. Çox qaçmalı, pressinq etməli, hər epizodda sona qədər mübarizə aparmalıyıq. “Slaviya”nı məhz bu cəhətdə üstələməyi bacarmışdıq. Rəqibin adına önəm vermədən öz oyunumuzu göstərməliyik.
HƏBİB
