I Liqaya böyük iddialarla başlayan “Səbail”də hələlik işlər qaydasında getmir.
Mövsümün 6 turu arxada qalıb, “dənizçilər” cəmi 11 xal toplayaraq liderlər - “Gəncəbasar” və “Şahdağ Qusar”dan 4, 3-cü pillədəki MOİK-dən 2 xal geridə qalır.
Mövsüm hələ yeni başlayıb, qarşıda kifayət qədər oyun, vəziyyəti düzəltmək üçün zaman var. Ancaq “Səbail”in birbaşa rəqibləri ilə qarşılaşmalarda göstərdiyi nəticələr ciddi suallar yaradır. Daha dəqiq desək, komandanın çempionluq hədəfinə çatması indiki mənzərədə kifayət qədər çətin görünür.
“Dənizçilər” çempionluq uğrunda mübarizə aparan “Karvan-Yevlax”la öz meydanında 1:1 hesablı heç-heçə edib, əsas rəqiblərindən sayılan “Şahdağ Qusar”a isə 0:1 hesabı ilə uduzub.
“Baku Sportinq”, “Zaqatala” və “Mingəçevir” kimi rəqiblərlə oyunlarda qələbələrə sevinən Bayıl təmsilçisi aktivinə 9 xal yazıb. Bu komandaların liqada qalmaq üçün mübarizə apardığını göz önünə gətirəndə, “Səbail”in qazancı “vau” effekti verməməlidir. Hə, “Xabkəndi” ilə ilk turdakı heç-heçəni də yada salaq.
Yay transfer dönəmində “Səbail”in heyətinə cəlb olunan futbolçuların böyük əksəriyyətinin Premyer Liqa təcrübəsi var. Komandada kifayət qədər legioner də yer alıb.
Çempionluq məqsədinə çatmaq üçün rəhbərlik ciddi maliyyə vəsaiti ayırıb, futbolçular üçün yaxşı qələbə mükafatları müəyyənləşdirib. Başqa sözlə, klubun iddialı çıxış etməsi üçün lazımi şərait yaradılıb.
Ancaq meydanda hələlik həmin iddianı doğruldan mənzərə yoxdur. “Səbail” qeyri-sabit nəticələri ilə diqqət çəkir, vacib oyunlarda xal itirir və çempionluq yolunda əsas rəqibinə boyun əyir.
Belə vəziyyətdə əsas məsuliyyət, təbii ki, baş məşqçinin üzərinə düşür. Heyət kifayət qədər keyfiyyətlidirsə, klub rəhbərliyi lazımi maliyyə dəstəyini göstərirsə, amma nəticələr gözlənilən səviyyədə deyilsə, məşqçi amilini müzakirəyə çıxarmamaq mümkün deyil.
Elnur Abdullayev məşqçilikdə müəyyən təcrübəyə sahibdir. “Şahdağ Qusar”ı Region Liqasının, daha sonra II Liqanın çempionu edərək adından söz etdirib. Razılaşaq ki, I Liqanın rəqabət səviyyəsi tamamilə başqadır.
Burada Ramin Məmmədov, Füzuli Məmmədov, İlham Yadullayev kimi təcrübəli mütəxəssislər çalışır, rəqiblərin seleksiyası diqqət çəkir, bəzilərində keyfiyyətli legionerlər top qovur.
Onlarla çempionluq mübarizəsi aparmaq, mövsümboyu sabit nəticələr qazanmaq heç də asan deyil. Belə rəqabətdə təkcə yaxşı futbolçulara sahib olmaq kifayət etmir. Düzgün taktika, optimal heyət seçimi, təcrübəli futbolçularla işləmək, oyunlara hazırlıq və təzyiqin öhdəsindən gəlmək bacarığı da həlledici rol oynayır.
Elnur Abdullayev iddialı və imkanlı klubu qarşıya qoyulan məqsədə doğru aparmaqda çətinlik çəkir. “Səbail”in potensialı ilə meydandakı nəticələri arasındakı fərq getdikcə daha çox nəzərə çarpır.
Rəhbərliyin baş məşqçiyə nə qədər etimad göstərəcəyi zamanla bəlli olacaq. Hələlik mövsümün bitməsinə çox var və durumu düzəltmək mümkündür. Ancaq çempionluq iddiası olan komanda üçün startda itirilən hər xal qızıla bərabərdir.İllah da əsas rəqiblərlə duellərdə.
İndiki gedişat isə “Səbail”in azarkeşlərinə və rəhbərliyinə nikbinlik üçün ciddi əsas vermir. Böyük hədəflər, güclü heyət və maliyyə imkanları varsa, meydanda da buna uyğun nəticələr olmalıdır.
Əks halda, çempionluq iddiası sadəcə kağız üz
HƏBİB / SPORTİNFO.AZ
