"Qəbələ" 7-ci turda ağır məğlubiyyət aldı. Bölgə klubu səfərdə "Sumqayıt"la bacarmadı - 1:4.
“Qırmızı-qaralar”ın isveçrəli hücumçusu Kərim Rossi Sportinfo.az-a müsahibə verib.
- Meydanda nə baş verdi?
- Danışmaq çətindir. 4:1 hesablı məğlubiyyət bizim üçün böyük məyusluqdur. Yenə böyük hesabla uduzduq. Çalışdıq. Düşünürəm ki, ilk hissədə nəsə etmək üçün bir neçə fürsətimiz də oldu, amma şanslarımızdan yararlana bilmədik. Məncə, “Sumqayıt” qələbəyə layiq idi, amma onların bizdən daha keyfiyyətli komandaya sahib olduğunu düşünmürəm.
- Toparlanmaq çətin olmayacaq?
- Səbirli olmalıyıq. Yeni futbolçularımız var və onlar, şübhəsiz ki, bizə kömək edəcəklər. Ancaq komanda olaraq daha yaxşı çıxış etməliyik. Xüsusilə müdafiədə diqqətli olmalı, asan qollar buraxmamalıyıq. Hücumda da, əlbəttə, daha yaxşı oynaya bilərik. Amma oyun 0:0 hesabı ilə başlayır. Komanda şəklində güclüsənsə, matçı bu hesabla da başa vura bilərsən. Sonda isə dörd qol buraxırıq. Peşəkar komanda üçün bu, həddindən artıq çoxdur. Bunun üzərində işləməli, oyunu təhlil etməli və növbəti matçda daha yaxşı çıxış etməyə çalışmalıyıq.
– Ayxan Abbasovun rəhbərliyi altında əla mövsüm keçirmişdin. “Şamaxı”dan ayrılıb “Qəbələ”yə gəldiyin üçün peşman deyilsən?
– Xeyr. Baş məşqçi Ayxan Abbasov hazırda millidədir. O, mənim üçün ata kimi idi. Onu çox sevirəm. Azərbaycan millisinin Litva üzərində qələbəsinə də çox sevindim. İndi isə yeni komandadayam və yeni mərhələ başlayıb. Yaxşı ideyaları olan baş məşqçimiz var. Əminəm ki, bu, bizə kömək edəcək və vəziyyətimiz yaxşılaşacaq. Buna inanmalıyıq. Mövsüm uzundur və inşallah, daha yaxşı olacağıq.
- Bugünkü nəticəyə baxaraq, milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranan uzun fasilənin komandaya mənfi təsir göstərdiyini demək olar?
- Xeyr. Yeni baş məşqçinin ideyaları və taktiki planları üzərində işləmək üçün vaxtımız oldu. Bu baxımdan fasilə bizim üçün faydalı idi. Amma şəxsən mən çempionat oyunları arasında belə uzun fasilələrin tərəfdarı deyiləm. Düşünürəm ki, azarkeşlər də çempionat matçları üçün darıxırlar. Buna baxmayaraq, nəyinsə səhv getdiyini düşünmürəm. Yeni futbolçularla işləmək və baş məşqçinin ideyalarına uyğunlaşmaq üçün vaxtımız oldu. Bu, müsbət məqamdır. Amma dediyim kimi, çempionat oyunları arasında uzun fasilə yaranır. Bununla belə, bu, bəhanə ola bilməz. Çünki bütün komandalar eyni vəziyyətdədir.
XANOĞLAN İMANOV
