"Kəpəz" Premyer Liqanın 9-cu turunda da məğlub olmadı.
Bölgə klubu səfərdə "Şəfa"nı məğlub etdi - 2:1.
Qələbə qolunun müəllifi olan Blessinq Olabiran Sportinfo.az-a müsahibə verib.
- Qələbə haqqında nə deyə bilərsən?
- İlk növbədə onu deyim ki, asan oyun olmadı və qələbə qazandığımız üçün xoşbəxtəm. Heç kim bizə qələbəni asanlıqla, yaxud havayı verməyəcək. Asan oyun yoxdur. Buna görə də komanda şəklində birlikdə mübarizə apardıq və qələbə qazanmaq üçün daha əzmkar olduq. Bütün komanda göstərdiyimiz səylərin mükafatını aldığımız üçün sevinirdi.
- Hesabda geri düşəndə məğlub olmaqdan narahat idin, yoxsa qələbə qazanacağına inanırdın?
- Deyərdim ki, narahat deyildim, sadəcə məyus olmuşdum. Çünki ilk qolu rəqib vurdu. Bizim çoxlu yaxşı epizodlarımız və qol imkanlarımız var idi, amma onları dəyərləndirə bilmədik. Rəqib isə qurulmuş hücum nəticəsində deyil, künc zərbəsindən qol vurdu. Yaxşı imkanlarımız var idi. Buna görə məyus idim, amma narahat deyildim. Çünki oyuna başlayanda artıq qələbə qazanacağımıza inanırdıq və özümüzə güvənirdik. Fasilədə məşqçilərimiz də həmişə olduğu kimi bizi ruhlandırdılar, dəstək sözləri dedilər. Bildirdilər ki, narahat olmamalı, tələsməməli, özümüzə inanmalı, oyunumuzu davam etdirməli və son zərbələrdə daha dəqiq olmalıyıq. Biz də əlimizdən gələni etdik və sonda hər şey müsbət nəticələndi.
- Qələbə qolunu sən vurdun. Özünü matçın qəhrəmanı hesab edirsən?
- Əllbəttə, xeyr. Mən qəhrəman deyiləm. Futbol 11 oyunçunun, məşqçilərin, klub əməkdaşlarının və xüsusilə azarkeşlərin oyunudur. Komanda yoldaşım ötürmə verməsəydi, qol vura bilməzdim. Məşqçi məni start heyətində meydana buraxmasaydı, bəlkə də qol vurmayacaqdım. Masajçı mənə yaxşı masaj etməsəydi, əzələ ağrısı yaşaya bilərdim və bəlkə də fərqlənə bilməzdim. Tribunalar boş olsaydı, bizi dəstəkləyən azarkeşlər olmasaydı, bəlkə də qol vurmazdım. Fiziki hazırlıq məşqçisi oyunöncəsi yaxşı isinmə və hazırlıq keçməyimizə kömək etməsəydi, eləcə də ehtiyat oyunçularımızın dəstəyi olmasaydı, nəticə fərqli ola bilərdi. Bütün bunları ona görə deyirəm ki, komandada olan hər bir insanın və azarkeşlərin qələbəyə müəyyən töhfəsi var. Əsl qəhrəmanlar onlardır. Mən sadəcə şanslı olduğumu və hücumu tamamlayan oyunçu olduğumu deyə bilərəm. Bu qolu komandanın başqa bir üzvü də vura bilərdi. Komanda yoldaşlarımız, məşqçilərimiz, əməkdaşlarımız və azarkeşlərimiz olmasaydı, bəlkə də bu uğur mümkün olmazdı. Buna görə də hamımız qəhrəmanıq.
- Ardıcıl üç oyundur qol vurursan. Komandaya bu qədər tez uyğunlaşmağı necə bacardın?
- Düşünürəm ki, burada əvvəlki təcrübəmin böyük rolu var. Çox ölkələrdə olmuşam və ətrafımdakı mühitə diqqət yetirirəm. Ən vacib məqamlardan biri də məni necə qarşılamaqlarıdır. Məşqçilər, komanda yoldaşlarım və klub əməkdaşları uyğunlaşmağımı asanlaşdırdılar. Çox mehriban komanda yoldaşlarım və yaxşı əməkdaşlarımız var. Onların sayəsində komandaya daha rahat və tez uyğunlaşdım.
XANOĞLAN İMANOV
