«Şamaxı»nın uğurlu seriyası bu tur qırıldı.
Yevlaxa səfər «İmişli»yə 1:2 hesablı məğlubiyyətlə bitdi.
Azər Bağırov arxa zonada yol verdikləri səhvlər ucbatından evə əliboş döndüklərini deyib. Amma deməyib ki, Rikardu Fernandeş başçılıq etdiyi komandanın tən yarısıdır.
O, portuqaliyalını saxlamaq yox, göndərmək istəyirdi yayda. Çox əlləşib-vuruşdu, qapıçını düşərgədən göndərə bilmədi.
Rikardunın alacağı maaş - 12 min dollar onun gözünə hədsiz böyük görünürdü, fikirləşirdi ki, bu məbləğə iki legioner alıb gətirsə, işi yağ kimi gedəcək.
«Hər şeydə bir xeyir var» deyiblər. Rikardu iki ayağını bir başmağa dirəməklə, «Şamaxı»nı, başqa sözlə, Azər Bağırovun özünü əjdahaların cəngindən qurtardı.
«Şamaxı» 9 tur ərzində 13 xal toplayıbsa və turnir cədvəlinin yeddinci pilləsində mövqelənibsə, Rikardunun bunda payı hamıdan çoxdur.
«Şamaxı»nın heç bir futbolçusu adını çəkdiyimiz portuqal qədər fayda vermir. «İmişli» ilə qarşılaşmada da dəfələrlə öz bacarığını yenidən gözlər önünə sərdi.
Azər Bağırov toplanılan xallara görə Rikardunu əllərini sığallamaqla kifayətlənməməlidir, həmin əllərdən öpüb gözünün üstünə qoymalıdır.
Həqiqətən hələ-hələ ələ düşməz, hər komandaya, hər məşqçiyə qismət olmayacaq qədər əla qapıçıdır o. Şansı gətirmək baxımından Bağırov yarıyıb.
KAMİL
