Yox, «Sumqayıt» pis oynamır bu aralar.
Filipe Kandidonun işi görünür.
İnanmayanlara komandanın son iki-üç matçını izləməyə dəvət edirəm.
Portuqaliyalı xilası qapanmaqda görmür. Praqmatik məşqçi olmadığı dəqiqdir.
Yarımmüdafiəçilərinə topu tez-tez arxa ötürməyi qadağan edən, onlardan irəli oynamağı istəyən Kandidonun fəlsəfəsini şəxsən mən bəyənirəm.
Bu gənc adama güvənməyin tərəfdarıyam. Qalarsa, «Sumqayıt» tamaşaçısına zövq verəcək.
Sadəcə, bəzi düzəlişlər mütləq olmalıdır. Zirə səfərində əsas problemin kökü növbəti dəfə üzə çıxdı.
Müdafiə zonası etibarsızdır. Ən azı iki transfer etməlidirlər. Birinci zonanın mərkəzinə yeni simalar cəlb olunmalıdır ki, ön xətt oyunçularının əziyyəti hədər getməsin.
Sən orada qol vuracaqsan, bunlar da burada «karvansara» açacaq - olmaz ki…
Məhəbbət birtərəfli olmamalıdır. İş görülürsə, onun başı da bilinməlidir, ayağı da. İkisi də bir-birinin sözünə baxmalıdır, bərabər addımlamalıdır.
«Sumqayıt» elə tur olmur ki, qapısında qol görməsin. Səkkiz oyuna 13 qol komandanın «arxa cəbhə»sinin qara gündə çalışmasını təsdiqləyir.
Turnir cədvəlində doqquzuncu pillə «Sumqayıt»ın oynadığı futbolla tərs-mütənasibdir. Məhz yuxarıda vurğuladığım problemin şiddətinə görə.
KAMİL
