Vəziyyət kritikdir «Şəfa»da.
İyirmi iki illik aradan sonra Premyer Liqaya bu cür qayıdışı, yəqin ki, özləri də qətiyyən gözləmirdilər.
Doqquz tura 8 məğlubiyyət olduqca pis göstəricidir. Allah betərindən saxlasın!
Zaur Həşimov başdan-ayağa problemlə əhatə olunub. yay transfer dövründə etdiyi transferlərin əksəriyyəti yararsızdır. Hər ötən həftə görürük ki, onlar bu çempionatın parametrlərinə uyğun gəlmir.
Əlbəttə, ucuz ətin şorbası olmaz.
Beş-altı minlik legionerlərlə, Nicat Mehrəliyev kimi 2 ildir meydan üzünə həsrət qalan qapıçıyla yola çıxanda, sözsüz, baş məşqçi hər şeyi gözünün altına almalıdır.
Ona dəstək sözdədir, əməldə isə başqa mənzərə önümüzə çıxır.
İki aydır əməkhaqqı almayan, zədəni sarımağa binti olmayan, adi suyu güclə tapan komandanı oyuna hazırlamaq nə qədər çətindirsə, ondan qələbə istəmək, tələb etmək ondan da müşkül məsələdir.
Burada bıçaq artıq sümüyə dirənib. Suların durulması rəhbərliyin mövqeyindən, nə qərar verməsindən asılı olacaq.
Şəraiti düzəltməsələr, maddi cəhətdən sabitlik yaratmasalar, qış bazarlığına əlavə büdcə ayırmasalar, Zaur Həşimovun qalması, yaxud getməsi heç nəyi dəyişməyəcək.
ELNUR
