Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın qambiyalı hücumçusu Zakaria Savo Misli Premyer Liqasının 8-ci turunda “Neftçi” ilə 3:3 hesablı heç-heçə etdikləri oyun barədə danışıb.
– Oyunla bağlı fikirləriniz necədir?
– Yaxşı oyun keçirdik. Bəli, üç qol buraxdıq. Bir oyunda üç qol buraxmaq istəməzdik, amma eyni zamanda üç qol da vurduq. Bu, müsbət məqamdır. Oyunun sonunda hesabı 3:3 etməyi bacardıq və düşünürəm ki, bu, yaxşı nəticədir.
– Oyunun sonunda hesabı bərabərləşdirəcəyinizə inanırdınız?
– Bəli, əlbəttə, yüz faiz inanırdıq. Son künc zərbəsi zamanı hətta qapıçımız da hücuma qoşuldu.
– “Sabah”la matçdan gözləntiləriniz nələrdir?
– Biz ora qələbə qazanmaq üçün gedirik. Yeganə məqsədimiz qalib gəlməkdir. Çempion olmaq istəyirik və bunun üçün liqanın ən güclü komandalarına da qalib gəlməliyik. Buna görə də “Sabah”la matçda üç xal qazanmaq istəyirik.
– Oyun boyu sizi dəstəkləyən azarkeşlərə nə demək istərdiniz?
– Onlara təşəkkür edirəm. Stadiona çox azarkeş gəlmişdi. Onları stadionda görmək həmişə xoşdur. Hər zaman fanatların gəlib bizi dəstəkləmələrini və bizə enerji vermələrini istəyirik.
