“Sabah” – “Qarabağ” qarşılaşmasından sonra hər iki komandanın futbolçularının üzündə məyusluq hiss olunsa da, paltardəyişmə otaqlarına aparan dəhlizdə diqqət çəkən başqa məqamlar da vardı.
Rəqabət və nəticənin yaratdığı gərginliklə yanaşı, futbolçular arasındakı mehriban münasibət diqqət çəkməyə bilməzdi.
Bədavi Hüseynovla Coy-Lens Mikelsin bir-birini təbrik etməsi, Umarali Rəxmonaliyevin formasını çıxararaq Kadi Borgesə hədiyyə etməsi futbolun gözəlliyinin göstəricisiydi.
Diqqət mərkəzində, heç şübhəsiz, Aleksey İsayev idi ki, bu da səbəbsiz deyil.
Bir müddət “Qarabağ”ın formasını geyinən yarımmüdafiəçi keçmiş komanda yoldaşları ilə xoş münasibətlərini qoruyub saxlayıb.
Alekseyin sabiq komanda yoldaşları ilə görüşü səmimi təsir bağışlayırdı. Xüsusilə adaşı Aleksey Kaşukla söhbəti digərlərindən bir qədər uzun çəkdi.
Sonda isə hər iki futbolçu formalarını dəyişərək bir-birinə hədiyyə etdi.
Bəli, futbol təkcə qələbə və məğlubiyyətdən, vurulan qollardan və itirilən xallardan ibarət deyil. Bəzən meydanda və meydandan kənarda yaşanan belə anlar bu idman növünə xüsusi gözəllik qatır.
Rəqib olsalar da, futbolçuların bir-birinə göstərdiyi hörmət və qoruyub saxladıqları dostluq futbolun alqışı haqq edəm tərəflərindəndir.
HƏBİB / SPORTİNFO.AZ
