Misli Premyer Liqasının cari mövsümündə penalti yerinə yetirən komanda sayı 9-a çatıb.
Sportinfo.az xəbər verir ki, 9-cu turda daha iki komanda ilk dəfə onbirmetrlik zərbə yerinə yetirib.
Belə ki, “Zirə” və “Kəpəz” mövsümdə ilk penaltilərini geridə qalan turda vurublar. Gəncəlilər hətta “Şəfa” ilə qarşılaşmada birdən-birə 2 penalti yerinə yetirib.
Bölgə təmsilçisi bunun birini qolla tamamlamağı bacarıb. “Zirə” isə “Sumqayıt”ın qapısına 3 qoldan birini penaltidən vurub.
Hakimlər mövsümün ilk 9 turunda cəmi 3 komandanın – “Turan Tovuz”, “Sumqayıt” və “Qəbələ”nin xeyrinə onbirmetrlik zərbə təyin etməyiblər.
Ən çox penalti qazananlar isə “Şamaxı” və “İmişli”dir – 3 dəfə. “Şamaxı” hər üç halda rəqibi mərkəzə dəvət edibsə, “İmişli” bir dəfə fərqlənə bilməyib.
