“Sabah” – “Qarabağ” qarşılaşmasından sonra hər iki komandanın futbolçuları məyusluğu ilə diqqət çəkirdi.
Elə Velko Simiçin də əhvalı yerində deyildi.
Buna baxmayaraq, komandasının serbiyalı yarımmüdafiəçisi Sportinfo.az-ın suallarını cavablandırmağa etiraz etmədi.
- Kənardan yorğun və kefsiz görünürsən. Əslində necədir?
- Çox yaxşı futbol oynadığımızı düşünürəm. Bu, məni həqiqətən sevindirir. Üstünlük nümayiş etdirdik, topa nəzarət etdik, qol imkanları yaratdıq. Yeganə çatışmazlıq bitiricilik idi. Əlbəttə, nəticədən məyusuq. 1 xal bizi qane etmir, meydana qələbə üçün çıxmışdıq. Yorğunluq məsələsinə gəlincə, özümü kifayət qədər gümrah hiss edirəm. Nədənsə narazılığım yoxdur.
-13 gün ərzində “Slaviya” ilə oynadınız, ardınca Qəbələyə səfər etdiniz, daha sonra güclü “Borussiya Dortmund”la üz-üzə gəldiniz, bu gün çempionluq uğrunda əsas rəqibiniz “Qarabağ”la qarşılaşdınız. Həqiqətənmi yorğunluq hiss etmirsən?
- Düzünü desəm, yox. Yorğun olsaydıq, topa nəzarət edə, qol imkanları yarada bilməzdik. Özünüz də gördünüz ki, “Qarabağ”la oyunda qələbə üçün alışıb-yanırdıq. Bu matçların yalnız birində məğlub olmuşuq, o da “Borussiya”ya minimal hesabla. Hər şey qaydasındadır.
- Əvvəlki “Qarabağ”ın gücü məlum idi. Yaydakı dəyişikliklərdən sonra indiki “Qarabağ”a qarşı oynamaq sanki işinizi asanlaşdırıb.
- Belə deməzdim. “Qarabağ”ın heyəti necə olur-olsun, bu rəqibə qarşı oynamaq asan deyil. Çünki top-komandadır, zəngin təcrübəyə sahibdir, baş məşqçi illərdir “Qarabağ”ı çalışdırır, oturuşmuş oyun fəlsəfəsi var. Həm də “Qarabağ”la matçlarımız derbi sayılır, arada prinsipiallıq var.
- Bu gün qələbə qazansaydınız, ağdamlılarla xal fərqi 5-ə yüksələcək, müəyyən mənada rahatlıq tapacaqdınız. Bəlkə də məyusluğunuz xal fərqini artıra bilməməyinizə görədir.
- Dediyim kimi, nəticəyə görə məyusuq. Bu məyusluğun içində həm derbidə qələbə qazanmamaq, həm də xal fərqini artıra bilməmək var. İkisi bir-birinə bağlıdır. Əsas odur ki, Premyer Liqada yolumuza məğlubiyyətsiz davam edirik. Bu, bizim üçün olduqca önəmlidir.
HƏBİB
