“Kəpəz” sabah tarixində 31-ci dəfə Azərbaycan kuboku uğrunda yarışda mübarizəyə başlayır.
Sportinfo.az xəbər verir ki, komandanın kubokdakı növbəti sınağı ərəfəsində yaxın keçmişə nəzər salıb, maraqlı məqamları xatırlatmaq yerinə düşər.
4-də 4
“Sarı-göylər” indiyədək 4 dəfə kubokun finalında iştirak hüququna yiyələniblər. Özü də hər 4 həlledici görüş uğurla nəticələnib.
“Kəpəz” tarixinin qızıl dövrünə təsadüf edən bu nailliyətlər zamanı komandanın baş məşqçisi Gəncə futbolunun canlı əfsanəsi Mehman Allahverdiyev olub.
“Kəpəz” finallarda
1993/94 “Kəpəz” – “Xəzər” (Lənkəran) 2:0
1996/97 “Kəpəz” – “Xəzri” 1:0
1997/98 “Kəpəz” – “Qarabağ” 2:0
1999/2000 “Kəpəz” – “Qarabağ” 2:1
“Kəpəz” 3-cü yerdə
Ümumiyyətlə, indiyədək Azərbaycan kubokunu 10 kollektiv qazanıb. “Kəpəz” qaliblərin siyahısında titulların sayına görə 3-cü yeri tutur.
Azərbaycan kubokunun qalibləri:
“Qarabağ” – 8 dəfə
“Neftçi” – 6 dəfə
“Kəpəz” – 4 dəfə
“Bakı” – 3 dəfə
“Xəzər-Lənkəran” – 3 dəfə
“Keşlə” – 2 dəfə
“Qəbələ” – 2 dəfə
“Sabah” – 2 dəfə
“İnşaatçı” – 1 dəfə
“Şəfa” – 1 dəfə
Eyni mərhələ, eyni rəqib
“Kəpəz”in 2026/27 mövsümündə ilk rəqibi I Liqa təmsilçisi “Baku Sportinq”dir. Püşkatma zamanı “Baku Sportinq”in adı çıxan zaman sanki dejavu yaşandı. Axı gəncəlilər 3 il öncə ölkə kubokunun ikinci təsnifat mərhələsində məhz elə bu rəqiblə üzə-üzə gəlmişdilər. Həmin vaxt “Baku Sportinq”i matçın əsas vaxtında üstələyə bilməyən “Kəpəz” əlavə hissələrdə 2 qol vuraraq 1/8 finala yüksəlmişdi.
Avrokuboklara ən qısa yol
Bəli, kubok yarışını adətən belə adlandırırlar: qitəmiqyaslı turnirlərə ən qısa yol. Çünki uzun və gərgin çempionatdan fərqli olaraq, kubokda cəmi 5-6 rəqibi üstələməklə, həm baş mükafatı qazanmaq mümkündür, həm də avrokuboklara vəsiqəni. “Kəpəz” bir oyunluq format üzrə keçirilən ikinci təsnifat mərhələsində “Baku Sportinq”ə qalib gələcəyi təqdirdə, 1/8 finalda səfərdə “Turan Tovuz”la qarşılaşacaq. “Kəpəz”in altqrupunda favoritlərdən biri “Zirə” sayılır. Yəni, 1/4 finalda mümkün rəqib adıçəkilən klub ola bilər.
Kubok yarışı sürprizlərlə doludur. Güclü azarkeş dəstəyi sayəsində Misli Premyer Liqasında uğurlu qrafik cızan “sarı-göylər” kubokda iddialı ola bilərlər. Final matçının 2027-ci il mayın 12-də Gəncə şəhər stadionuna təyin olunduğunu nəzərə alsaq, “Kəpəz”in finala yüksəlişi yerli futbol həvəskarları üçün ikiqat bayram olardı. Necə deyərlər, iştah diş altındadır.
“Kəpəz” Azərbaycan kuboku yarışlarında:
114 oyun, 63 qələbə, 16 heç-heçə, 35 məğlubiyyət; topların fərqi 203-122
1992 – 1/8 final
1993 – birinci tur
1993/94 – qalib
1994/95 – 1/2 final
1995/96 – 1/4 final
1996/97 – qalib
1997/98 – qalib
1998/99 – 1/4 final
1999/2000 – qalib
2000/01 – 1/4 final
2001/02 – 1/2 final
2003/04 – 1/8 final
2004/05 – 1/8 final
2005/06 – 1/8 final
2009/10 – 1/8 final
2010/11 – 1/8 final
2011/12 – 1/8 final
2012/13 – 1/8 final
2013/14 – ikinci tur
2015/16 – 1/8 final
2016/17 – 1/4 final
2017/18 – 1/4 final
2018/19 – 1/8 final
2019/20 – 1/8 final
2020/21 – 1/4 final
2021/22 – 1/8 final
2022/23 – 1/4 final
2023/24 – 1/8 final
2024/25 – 1/4 final
2025/26 – 1/4 final
