“Turan Tovuz”un qapıçısı Oleq Baklov Sportinfo.az-a müsahibə verib.
Tacikistan millisinin də şərəfini qoruyan təcrübəli qapıçı qərb təmsilçisinin “İmişli”yə 0:1 hesablı sürpriz yenilgisi ilə bağlı sualları cavablandırıb.
- Oynadığınız futbol yekun nəticədə öz əksini tapdı, yoxsa hesab fərqli olmalıydı?
- Bundan sonra nəsə deməyim heç nəyi dəyişməyəcək. Olduqca vacib oyunda məğlub olduq. Liderlər qrupunda yer almaq üçün əlimizə yaxşı fürsət düşmüşdü ki, heyif, bu cür şansı əldən verdik. Düzdür, hər iki komanda eyni şərtlər altında mübarizə aparırdı. Amma bu cür ağır havada oynamaq çox çətindir.
- Məğlubiyyətin səbəb(lər)ini nədə görürsən?
- Təkbətək mübarizələrin çoxunu uduzmaqda və motivasiyada. Bu gün “İmişli” daha istəkli görünürdü.
- Oyunu “Turan Tovuz” uduzdu, yoxsa qol imkanlarını sağa-sola xərcləyən, imkanlarından aşağı səviyyədə çıxış edən İbrahima Vadji?
- Komanda bir nəfərdən yox, kollektivdən qurulub. Uduruqsa, hamının payı var, uduzuruqsa, həmçinin,Bu gün də “Turan Tovuz” olaraq kollektiv şəkildə məğlub olduq. Əlbəttə, nəticə utancvericidir, amma edəcək bir şey yoxdur. Növbəti matçlarda qələbələr qazanmalıyıq. “Neftçi”ylə oyuna hazırlaşacağıq.
- “Turan Tovuz”da maraqlı ənənəyə şahidlik edirik. Deməli, rəqib iddialı olanda oyuna motivasiyasınız yüksək olur, elə ki, nisbətən zəif düşdü, kollektiv ruhsuz görünür. Səbəb nədir?
- Təəssüf ki, dediyinizdə həqiqət var. Güclü rəqiblərə qarşı keyfiyyətli futbol göstəririk. Amma söhbət avrokuboklara vəsiqə qazanmaqdan gedirsə, bütün matçlara eyni həvəslə, eyni istəklə yanaşmalı, lazım olan qələbəni qazanmalıyıq. Çünki sonda itirilən bu cür xallar bizə ziyan vura bilər.
- Kurban Berdıyev təbiətcə hədsiz dərəcədə təmkinli insandır. Bu yenilgidən sonra paltardəyişmə otağında baş məşqçinin əsəbi halını görüb, yüksək tonda olan səsini eşitdiniz?
- Həmişə necədirsə, bu gün edə eləydi. Lazım olan sözləri dedi, vəssalam.
HƏBİB
