“Qarabağ”ın sabiq hücumçusu, hazırda Meksikada - “Pumas”da çıxış edən Juninyo “Flamenqo”dakı (Braziliya) karyerasından və Azərbaycandan ayrıldıqdan sonra yaşadıqlarından danışıb.
Sportinfo.az xəbər verir ki, braziliyalı qolçu “365Scores”ə müsahibəsində “Flamenqo”da özünü tam göstərə bilməməsinin səbəblərini açıqlayıb.
Juninyo bildirib ki, Braziliya klubuna keçməzdən əvvəl İspaniyanın “Sevilya” komandasına transfer olunmağa çox yaxın olub:
“Sevilya” ilə hər şey razılaşdırılmışdı, bütün hazırlıqlar görülmüşdü. Hətta çamadanımı da yığmışdım.
Sonra zəng edib dedilər ki, transfer baş tutmur. “Sevilya”ya keçməyimə kiçik bir detal mane oldu. Daha sonra “Flamenqo” variantı yarandı və Braziliyaya qayıtdım”.
O, “Flamenqo”ya keçidinin özü və ailəsi üçün böyük arzunun gerçəkləşməsi olduğunu deyib:
“Braziliyaya qayıtmaq barədə düşünmürdüm. Avropanın başqa klublarından da təkliflərim var idi.
Amma “Flamenqo” zəng edəndə yox demək mümkün deyil. “Marakana”da oynamaq, ölkəmin ən böyük klubunda çıxış etmək və titullar qazanmaq istəyirdim”.
Juninyo “Flamenqo”da əfsanəvi Qabiqolun əvəzinə transfer edilməsinin də onun üzərində təzyiq yaratdığını etiraf edib:
"Klubda hər şeyi qazanmış bir əfsanənin yerini tutmağa gəlmişdim. Bu, əlbəttə, müəyyən təzyiq yaradırdı.
Təəssüf ki, özümü sübut etmək üçün kifayət qədər oyun vaxtı almadım. Özümü yaxşı tanıyıram və əminəm ki, mənə bir az da vaxt verilsəydi, bacarığımı göstərə bilərdim”.
Braziliyalı futbolçu ölkəsinə qayıtmaq niyyətində olmadığını da vurğulayıb:
“Açığı, Braziliyaya qayıtmağı düşünmürəm. Orada qazanmalı olduğum titulları qazandım, ölkəmin ən böyük klubunda oynadım.
Bu, mənim üçün kifayətdir. Hazırda özümü yenidən Braziliyada oynayan görmürəm”.
Ötən ilin sonunda “Flamenqo”dan “Pumas”a 5 milyon avroya transfer olunan Juninyo Meksika çempionatının Apertura mərhələsində 14 oyuna 8 qol vurub və bombardirlər siyahısında ikinci yerdədir. Onun Meksika klubu ilə müqaviləsi 2028-ci ilin sonuna qədərdir.
