“Çox pis vəziyyətdəyəm” – Bu komanda lənətlənib?

20:00 Müsahibə 316
“Çox pis vəziyyətdəyəm” – Bu komanda lənətlənib?

“Zirə” Gəncə səfərindən 1 xalla qayıtdı.

“Qartallar” avrokuboklara vəsiqə uğrunda əsas rəqiblərindən olan “Qarabağ”, “Neftçi” və “Turan Tovuz”un xal itirməsindən istifadə edə bilmədi.

“Kəpəz”lə 1:1 hesablı bərabərlikdən sonra Sportinfo.az-a müsahibə verən Eren Aydın özü və komandası ilə bağlı sualları cavablandırıb.

- Axsadığını görürəm. Yenə zədələndin?

- Açığı, düzəlmişdim, matçdan əvvəl ağrılarım yox idi. Qapıçı ilə toqquşandan sonra ağrı olduğunu hiss etdim. Açığı, baş məşqçi bir hissə şans vermək istəyirdi. Lakin danışdıq ki, bir az da oynayım. Qol buraxandan sonra məcbur əvəzlənməli oldum. Çox pis vəziyyətdəyəm, inşallah, toparlanarıq.

- Zədəni nəzərdə tutursan, yoxsa komandanın nəticələrini?

- Hər ikisini. Xüsusən də adi epizodlarda zədələnməyim, ağrıların olması məni narahat edir. Allahın izni ilə keçib gedər.

- “Zirə” sanki lənətlənib.

- Lənətlənməklə qəti əlaqəsi yoxdur. “Kəpəz”i təbrik edirəm, bu cür möhtəşəm azarkeşlərin qarşısında layiqli mübarizə aparmaqla 1 xalı haqq etdi. Çempionatda bu cür rəqibləri və stadionları görmək adamı məmnur edir. Bu qədər itkilərin fonunda və çətin Gəncə səfərində 1 xalı normal hesab edirəm. Bundan sonra əlimizdən gələni etməliyik ki, itirilən xalları bərpa edək.

- 8 oyunda 3 qələbə, 3 heç-heçə və 2 məğlubiyyətlə 24 mümkün xaldan 12-sini toplamısınız. Bu göstəricini yaxşı hesab etmək olar?

- Bəhanə kimi qəbul olunmasını istəmirəm, amma zədəli futbolçularımızın çoxluğu işimizi çətinləşdirir. Oyunlara tam heyətlə hazırlaşa bilmirik. Buna görə də baş məşqçi hər matçda rotasiyalara əl atmalı olur. Bu gün azı beş futbolçumuz zədə, biri isə cəza səbəbindən komandaya kömək edə bilmirdi. Özüm zədəyə görə 3 oyunda iştirak edə bilməmişəm, indi də ağrılarım var. Çox yaxşı komandaya sahibik. Zədəlilər qayıdandan sonra bundan da yaxşı nəticələr qazanacağıq.

- Zədəlilərin qayıdacağı tarix bilinir? Azarkeşlər “Zirə”dən yüksəliş xəttini nə vaxt gözləsinlər?

- Növbəti həftə “Sumqayıt”la oyundan başlayaraq qələbələri bayram edəcəyimizə inanıram.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti