Cavid Hüseynov getdi, Yuri Maksimov gəldi, yenə dəyişən bir şey yoxdur «Araz-Naxçıvan»da. K
öhnə hamam, köhnə tasdır.
Komanda da həminkidir, uduzmağa davam edir. Səkkizinci turda sayca altıncı məğlubiyyəti «Sumqayıt»dan aldılar. Bu minvalla I Liqaya düşəcəkləri şübhə doğurmur.
Günahkar? Mövsümün sonunda nə Hüseynov yada düşəcək, ya da Maksimov.
«Araz»ın bu vəziyyətə mübtəla olmasının tək sababkarı Zaur Axundovdur.
Naxçıvan Futbol Federasiyasının prezidenti yanlış seçimləri ilə komandanı böyrü üstə qoyub. Onu elə hala salıb ki, kənardan ən təcrübəli həkimi də gətirsə, bir çarə edə bilməyəcək.
«Araz»ın xilası yalnız Ceyhun Sultanovun əlindədir. Axundov xilaskarı orada-burada axtarmasın, həmin adam Sultanovdan başqası deyil.
O, həqiqətən «Araz»ı qurtarmaq istəyirsə, çəkilib durmalıdır kənarda, bir neçə ay öncə klubun prezidenti təyin etdiyi şəxsin xidmətindən yararlanmalıdır.
Sultanov daha formal rəhbər olmamalıdır. Axundov bu adamı qoz qabığına soxub, yalnız sənəd-sünədə qol çəkmək lazım gələndə yadına düşür.
Sultanov «Sumqayıt» və «Neftçi»də təcrübə toplamış, bişmiş, idarəçi kimi yerin altını da, üstünü də bilən biridir. Ayıq və diri funksionerdir.
Axundovun ətrafındakılardan heç biri onun qədər bilmir futbolu. İdarəetməni tam şəkildə Sultanova versə və arxasında dayansa, «Araz»ı quyudan çıxaracaq o.
Gətirib bura, amma bacarığından bəhrələnmir. Əl-qolunu bağlayıb, heç bir iş görməsinə imkan vermir.
Belə yerdə haqlı sual çıxır ortaya - gətirməyin nədir, inanmamağın nədir?
ELXAN
