“Ən yaxşı transfer bəzən futbolçu deyil”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında FİFA meneceri Emil Əsədov deyib.
Tanınmış agent bu sahə ilə bağlı maraqlı fikir səsləndirib.
“Asadov Pro Bridje” şirkətinin rəhbəri bildirib ki, bütün yay transfer pəncərəsini ümumi şəkildə qiymətləndirsək, Azərbaycan Premyer Liqasında edilə biləcək ən yaxşı transfer uğurlu baş məşqçi seçimidir:
“Normal səviyyəli futbolçardan qurulan heyət belə müasir futbol düşüncəsinə və real Avropa təcrübəsinə malik baş məşqçinin rəhbərliyi altında bir pillə yuxarı qalxa bilər.
Əvvəlki mövsümlərdə bunun nümunələrini görmüşük. Düzgün məşqçi yalnız nəticəyə təsir etmir.
O, futbolçuların fərdi inkişafını sürətləndirir, klubun transfer siyasətini istiqamətləndirir, komandanın bazar dəyərini yüksəldir və klub daxilində peşəkar futbol mühitinin formalaşmasına kömək edir.
Problem ondadır ki, Azərbaycana dəvət olunan əcnəbi məşqçilərin bir hissəsi müasir futbolun tələblərinə uyğun gəlməyən, artıq köhnəlmiş oyun modellərinə üstünlük verir. Nəticədə həmin mütəxəssislər ölkədə uzun müddət qala və dayanıqlı layihə qura bilmirlər.
Mənim subyektiv fikrimcə, bu cür seçimlərin edilməsinin əsas səbəblərindən biri bəzi klub idarəçilərinin futbola baxışının hələ də kifayət qədər müasirləşməməsidir.
Klub rəhbərliyinin müasir futbol tendensiyalarını, tələb olunan məşqçi profilini və uzunmüddətli idman strategiyasını düzgün qiymətləndirməməsi sonda həm uğursuz məşqçi seçiminə, həm vaxt itkisinə, həm də ciddi maliyyə itkilərinə gətirib çıxarır”.
