Cavid Hüseynovu görəvdən alan ”Araz-Naxçıvan”ın baş məşqçi seçimi ilə bağlı maraqlı detal üzə çıxıb.
Məlumatımıza görə, Muxtar Respublika təmsilçisinin nəzərdən keçirdiyi əsas namizədlərdən biri hazırda “Kasımpaşa”da Emre Belözoğlunun köməkçisi işləyən İlker Püren olub.
42 yaşlı türkiyəli mütəxəssis 2025-ci ilin avqustundan etibarən Emre Belözoğlunun korpusunda çalışır.
Püren əvvəlcə “Antalyaspor”da onun köməkçisi olub, daha sonra - 2025-ci ilin dekabrından “Kasımpaşa”da eyni əməkdaşlıq davam edir.
İlker Püren yalnız köməkçi deyil, baş məşqçi kimi də ciddi təcrübəyə malikdir. O, “Sakaryaspor”, “Arnavutköy Bələdiyyəspor”, “Sarıyer”, “Iğdır FK”, “Bandırmaspor”, “Ankaraspor” və “Keçiörengücü” kimi komandaları çalışdırıb.
Məlumatımıza görə, “Araz-Naxçıvan”ın yekun seçim mərhələsində iki əsas namizəd qalıb: İlker Püren və Yuri Maksimov.
Klub daxilində aparılan müzakirələrdən sonra isə seçim Yuri Maksimovun üzərində dayanıb.
Ukraynalı mütəxəssislə 2026/27 mövsümünün sonuna qədər müqavilə imzalanıb və o, artıq fəaliyyətə başlayıb.
SPORTİNFO.AZ
