“Qarabağ”ın verdiyi bu qərar “Neftçi”də narazılıq yaratdı

16 Oktyabr 22:20 Qarabağ 2 878
“Qarabağ”ın verdiyi bu qərar “Neftçi”də narazılıq yaratdı

Oktyabrın 17-də Misli Premyer Liqasının 8-ci turu çərçivəsində Azərbaycan futbolunun iki köklü klubu – “Qarabağ” və “Neftçi” üz-üzə gələcək.

Ölkə çempionatlarının bütün mövsümlərində iştirak etmiş komandaların duelindən gözləntilər böyükdür.

“Neftçi”nin çempionluq iddiasını gücləndirməsi, “Qarabağ”ın isə avrokuboklarda mübarizəni dayandırmasından sonra bu qarşılaşma hər iki komanda üçün xüsusi əhəmiyyət daşıyır.

Bununla belə, oyun öncəsi “Neftçi” azarkeşlərini narahat edən məsələ gündəmə gəlib.

Belə ki, “Qarabağ” klubu sosial şəbəkə hesabları vasitəsilə qarşılaşmaya biletlərin satışına başlanıldığını açıqlayıb.

Biletləri iTicket platforması üzərindən əldə etməyin mümkünlüyünün anonsu verilib. Ancaq “Neftçi” azarkeşləri üçün vəziyyət bir qədər fərqlidir.

Paytaxt təmsilçisi öz tərəfdarları üçün müəyyən sayda bileti satışa çıxaracağını elan etsə də, biletləri əldə etmək istəyənlər 8-ci kilometrə - “Palms Sports Arena”ya tutmalıdırlar. Halbuki qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Yəni bilet almaq üçün 8-ci kilometrə, oyuna baxmaq üçün şəhərin mərkəzinə - “Gənclik” ərazisinə getmək lazımdır.

Məhz bu məqam bəzi “Neftçi” azarkeşlərinin narazılığına səbəb olub. Onların fikrincə, oyun Respublika stadionunda keçiriləcəksə, biletlərin həmin arenanın kassalarında satılması və ya iTicket platforması vasitəsilə “Neftçi” azarkeşlərinin də bilet əldə etməsinə şərait yaradılması daha məqsədəuyğun olardı.

Lakin hazırkı vəziyyətdə “Qarabağ” rəqib komandanın azarkeşləri üçün ayrıca satış imkanını elan etməyib. Bunun əvəzinə, müəyyən sayda bilet “Neftçi” tərəfinə ayrılıb. Paytaxt klubunun həmin biletləri öz azarkeşlərinə “Palms Sports Arena”da təqdim edəcək və ya orada satışa çıxaracaq.

“Qarabağ”ın bu məsələdə niyə məhz belə bir yanaşma sərgiləməsinin səbəbi məlum deyil. Ortada biletlərin əldə olunması üçün başqa stadiona üz tutmaq zərurəti “Neftçi” azarkeşləri arasında ciddi narahatlıq və narazılıq yaratması faktı var.

Azərbaycan derbisi öncəsi diqqət çəkən bu məsələnin həlli üçün azarkeşlərə daha əlçatan bilet satış mexanizminin yaradılması məqsədəuyğun olar.

Oktyabrın 17-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək oyun saat 19:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti