Premyer Liqanın iki klubunda yoxlamalara başlanıldı

11:20 Problem 164
Premyer Liqanın iki klubunda yoxlamalara başlanıldı

“İmişli” və “Şəfa”da akademiyaların maliyyələşdirilməsi ilə bağlı ciddi narazılıqlar yaranıb.

Məlumata görə, hər iki klubda yoxlamalara başlanılıb.

İddialara əsasən, akademiyaların fəaliyyəti üçün nəzərdə tutulan vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi və aylıq ödənişlərin həyata keçirilməməsi ciddi narazılığa səbəb olub.

Akademiyaların ehtiyacları üçün ayrılan maliyyənin hara yönəldildiyi və məşqçilərə nəzərdə tutulan ödənişlərin niyə gecikdirildiyi suallar doğurur.

Son dövrlərdə “İmişli” ətrafında yaranan xoşagəlməz xəbərlər fonunda bu məsələ xüsusi diqqət çəkir. “Şəfa”da da oxşar problemlərlə bağlı narazılıqların artması Azərbaycan futbolunda akademiyaların maliyyə təminatı məsələsini yenidən gündəmə gətirir.

Akademiyalar üçün ayrılan vəsaitlər təyinatı üzrə xərclənmirsə, bəs bu maliyyə hansı istiqamətlərə yönəldilir?

Gənc futbolçuların inkişafı üçün nəzərdə tutulan vəsaitlərin düzgün idarə olunması, məşqçilərin əməkhaqlarının vaxtında ödənilməsi və akademiyaların normal fəaliyyətinin təmin edilməsi futbolun gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.

AFFA tərəfindən Premyer Liqa klubları üçün bir mövsüm ərzində nəzərdə tutulan maliyyə dəstəyi 2,5 milyon manat təşkil edir.

Bu məbləğin 1,6 milyon manatı liqada iştirak, 500 min manatı uşaq futbolunun inkişafı, 350 min manatı infrastruktur layihələri, 50 min manatı isə qadın futbolunun inkişafı üçün nəzərdə tutulur.

Beləliklə, hər klub üçün uşaq futboluna ayrılan məbləğ 500 min manat təşkil edir. Bu isə akademiyaların fəaliyyəti, məşq prosesinin təşkili və gənc futbolçuların inkişafı ilə bağlı maliyyələşdirmə məsələsini xüsusi əhəmiyyətli edir.

Əsas sual isə budur: Uşaq futbolunun inkişafı üçün nəzərdə tutulan 500 min manat konkret olaraq hansı istiqamətlərə xərclənir?

Akademiyalarda çalışan məşqçilərin əməkhaqları vaxtında ödənilirmi? Futbolçuların inkişafı və gündəlik fəaliyyət üçün nəzərdə tutulan vəsaitlər tam şəkildə öz təyinatına uyğun istifadə olunurmu?

UEFA tərəfindən də Azərbaycan klublarının uşaq futbolunun və akademiyalarının inkişafı üçün maliyyə vəsaiti ayrılır. Hər klub üçün təxminən 142 min avro məbləğində həmrəylik ödənişi nəzərdə tutulur.

Bu vəsait UEFA tərəfindən AFFA-ya, AFFA vasitəsilə isə müvafiq klublara çatdırılır. Beləliklə, akademiyaların inkişafı üçün həm AFFA, həm də UEFA tərəfindən maliyyə dəstəyi təmin olunur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti